Milli Məclisin bugünkü iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deputatların orta məktəblərdə müəllimlərə dərs saatlarının az verilməsi ilə bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib. S.Şərifov bildirib ki, bu məsələ ilə bağlı Maliyyə Nazirliyi orta məktəblərdə qadağa qoymayıb.
“Azərbaycanda müəllimlərlə şagirdlərin say nisbəti aşağıdır. Belə ki, hər səkkiz şagirdə bir müəllim düşür. Bu isə Avropa standartlarına uyğun deyil. Avropada 15 şagirdə bir müəllim düşür. Azərbaycanda müəllimlərin şagirdlərə nisbətən çox olması belə gətirib çıxarır ki, dərs saatı müəllimlər arasında elə bölüşdürülsün ki, bütün müəllimlərə dərs çatsın”, - deyə nazir vurğulayıb.
Maliyyə naziri həmçinin ali məktəb xərclərinin aşağı olması ilə bağlı Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmovun qaldırdığı məsələyə toxunaraq, bununla razılaşmadığını bildirib. O, qeyd edib ki, dövlət ali təhsil müəssisələrində xərclərin artırılmasına dair sənəd Nazirlər Kabineti ilə artıq razılaşdırılıb.
Nazir həmçinin vurğulayıb ki, rektorlar ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərin də xərclərə daxil edilməsini nəzərə almalıdırlar.
Xaqani Səfəroğlu