Modern.az

Elşad Abdullayevin videoçəkilişləri cinayət işinə əlavə olunub” - Baş Prokurorluq

Elşad Abdullayevin videoçəkilişləri cinayət işinə əlavə olunub” - Baş Prokurorluq

Ölkə

22 Noyabr 2012, 12:16

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanan, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilən  bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib. Modern.az xəbər verir ki, bu barədə Baş Prakurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə fəaliyyəti dayandırılan  Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmış, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilmiş bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib. Həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilib,  dindirmələr aparılıb və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İş üzrə toplanan  sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“Təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıqlar edilməsinə baxmayaraq, bəzi KİV-lər hələ də bundan lazımi nəticə çıxarmırlar”-deyə açıqlamada vurğulanıb.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı