Modern.az

"Azəritiffaq" sədrindən etiraz: “Həm bazarları itirdik, həm də obyektləri...”

"Azəritiffaq" sədrindən etiraz: “Həm bazarları itirdik, həm də obyektləri...”

Ölkə

22 Noyabr 2012, 13:35

Bu gün ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsal olunduğu yerlərlə müqayisədə paytaxt, həmçinin ölkənin digər iri şəhərlərindəki bazarlarda olduqca baha qiymətə satılır. Buna əsas səbəb isə işbazlar və hələ də bazarlarda inhisarçı mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş inhisarçılardır.
Çünki məhsul istehsalı ilə məşğul olan fermerlər məhsullarını saxlamaq və ya təhvil vermək üçün soyuducu anbarlar, tədarük məntəqələri tapmadıqlarından məhsulu dəyər-dəyməzə satırlar. Eyni zamanda onların məhsulu şəhərə gətirərkən qarşılaşdıqları problemlər məhsulları topdansatış qiymətinə ikinci ələ verməyə məcbur edir .

Millət vəkili Eldar Quliyev isə problemlərin bazarların özəlləşməsindən sonra başladığını deyib.
“Əvvəllər biz tədarüklə məşğul olurduq. Bakı şəhərində 90-cı illərdə kolxoz bazarı “Azərittifaq”ın nəzdində idi. Həm bazarda satış edirdik, həm də bazarların içində pərakəndə satış yeri olan müəssisələrimiz var idi. 1993-cü ilin yanvarında bazarlar yeri İcra Hakimiyyətlərinə verildi. Bundan sonra da özəlləşmə başlandı. Həmin vaxtdan bu günə qədər kolxoz bazarlarından 5 milyarda yaxın bizə ödəniş olmalı idi. Bu vaxtacan biz heç o pulu da ala bilmədik. Biz həm bazarları itirdik, həm də bazarların içərisində obyektlər var idi ki, kənd təsərrüfatı məhsullarını ayrıca, bir az aşağı qiymətə alıb-satırdıq. Yəni bazarlarla rəqabətə girirdik. O dükanlar da əlimizdən çıxdı. O vaxtlar Rusiya, Ukrayna ilə müqavilələr bağlayırdıq, məhsullar göndərirdik. Həmin müqavilələr də bu gün qüvvədə deyil”.

E. Quliyevin sözlərinə görə, bu məsələlər Milli Məclisin plenar iclaslarında qaldırılıb. “Hansısa qurum yaranmalıdır ki, tədarük ilə məşğul olunsun. Bu gün məhsulu almaq asandır. Amma alınan malı hara verəcəyik ? Bizim üçün ən böyük problem budur. Kənddən məhsulu şəhərə gətirib satışını təşkil etmək də ayrı bir problemdir . Bazarlarda yer alınmalıdır, yer alınmaqla yanaşı ,axşamlar insanlar haradasa qalmalıdır. Bu cür problemlər Bakıya məhsul gətirib satanlar üçün böyük bir problemdir“.

Deputat məsələnin həllini dövlətin kənd təsərrüfatı mallarının sifarişçisi olmasında görür. “Tədarük məntəqələrini bərpa etmək şansımız var. Amma ən əsası odur ki, tədarük etdiyimiz məhsulu hara verəcəyik? Hazırda emal müəssisələri var, onlara gedəndə deyirlər ki, biz özümüz tədarük edirik. Bazarlarında da həmçinin məhsulu təhvil vermək üçün yerlər yoxdur . Milli Məclisdəki çıxışımda da bu məsələni qaldırmışam. Vahid Əhmədov da bu məsələni qaldırıb. Ölkədə ərzaq təhlükəsizliyinin təminatı ilə əlaqədar proqram var. Amma onun icrası yetərincə yaxşı səviyyə aparılmır”, – deyə millət vəkili bildirib.   

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı