Bakı şəhər prokurorluğundakı mötəbər mənbə: "Mətbuatın bildiyindən çox-çox artıq şeylər istintaqa məlum olub”
“Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı aparılan cinayət işinin dayandırılacağı barədəki xəbər yalandır”. Bunu Modern.az saytına Bakı şəhər prokurorluğundakı mötəbər mənbə bildirib.
“Görünür bu kimlərinsə məqsədinə uyğun olduğu üçün belə xəbərlər yayırlar. Lakin istintaq işi nəinki dayandırılmayıb, əksinə, mətbuatın bildiyindən çox-çox artıq şeylər istintaqa məlum olub”.
Mənbə həmçinin eks-prezidentin qəbrinin eksqumasiya olunacağı ilə bağlı yayılan xəbərlərin Elçibəyin ailəsini qıcıqlandırmaq məqsədi daşıdığını deyib: “Bu, istintaqın işinə mane olmaq məqsədi daşıyır. Bu barədə danışmaq hələ tezdir. Eksqumasiya üçün müstəntiqin əsaslı vəsatəti və məhkəmənin qərarı olmalıdır”.
Bununla belə mənbə eksqumasiya ehtimalını tamamilə istisna etməyib.
Modern.az Bakı şəhər prokurorluğunda işi aparan müstəntiq Vaqif Süleymanovla da əlaqə saxlayaya bilib. V.Süleymanov mətbuata hər hansı bir açıqlama vermək istəmədiyini, bunun istintaqa mane ola biləcəyini bildirib və məsləhət görüb ki, prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayaq. Buna baxmayaraq, Modern.az-ın “Elçibəyin zəhərlənməsi ilə bağlı sizin apardığınız istintaq işinin dayandırılacağı deyilir, bu düzdürmü” sualını müstəntiq “bu, həqiqətəuyğun deyil, istintaq davam edir” reaksiyası ilə qarşılayıb.
Qeyd edək ki, eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev ötən həftə Modern.az saytına Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinin dayandırıla biləcəyini demişdi
Hüseyn Əlyarov