Modern.az

Müsavatdan sərt AÇIQLAMA: “Rəsul Quliyevin cəsarəti varsa, buyursun gəlsin”

Müsavatdan sərt AÇIQLAMA: “Rəsul Quliyevin cəsarəti varsa, buyursun gəlsin”

Ölkə

24 Noyabr 2012, 10:19

“Rəsul Quliyevin Azərbaycana gəlmək cəsarətinin olmadığını 2005-ci ildə gördük"

Eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin prezident seçkiləri ilə bağlı verdiyi son mesajlar müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Xüsusən də sabiq spikerin “seçkilərdə mən iştirak etməsəm, hakimiyyət qalib gələcək” mesajı müxalifətin gücsüzlüyünə yönəlik çıxış kimi bir çoxlarını hövsələdən çıxardbı. Ölkənin aparıcı müxalifət partiyası olan Müsavat  Rəsul Quliyevə sərt cavab verib. Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında R.Quliyevin cəsarətsiz olduğunu bildirərək onu  vədinə əməl etməyə çağırıb:

“Rəsul Quliyevin Azərbaycana gəlmək cəsarətinin olmadığına 2005-ci ildə bir dəfə şahid olduq. Əgər indi onda belə cəsarət yaranıbsa, buyursun, namizədliyini versin və qalib gəlsin. Rəsul Quliyevin seçkilərdə qalib gələcəyinə qətiyyən inanmıram. O, özünün siyasi mövcudluğuna 2005-ci ildə son qoyub. Müxalifətin qalib gələcəyinə isə imkanlar çoxdur və inşaallah bu, 2013-cü ildə həyata keçəcək, xalqın aktiv iştirakı və istəyilə...”.

G.Aslanlı daha sonra eks-spikerin müxalifətin birləşməsi haqda təklifini belə qiymətləndirib.

“İctimai Palata haqqında həftədə bir neçə dəfə aşağılayıcı fikir söyləyən Rəsul Quliyev onu dəstəkləyən qüvvələrə bir piket keçirmək tapşırığı versin, aksiyanı keçirsinlər, sonra birlik perspektivi haqqında müzakirə aparmaq məqsədəuyğun olar. Birliyin bir şərti də eyni gücə malik olan təşkilatların olmasıdır”, - deyə Müsavat rəsmisi vurğulayıb.

Xatırladaq ki, hazırda Amerikada mühacirətdə olan Rəsul Quliyev ACP üzvləri ilə viderogörüntü zamanı 2013-cü il prezident seçkiləri haqda müxtəlif vədlər verib. Seçkilərdə indiki hakimiyyətə qalib gəlmək gücündə olduğunu deyən R.Quliyev onun iştirak edə bilməyəcəyi təqdirdə müxalifətin məğlub olacağını bildirib. O, həmçinin müxalifət partiyalarını vahid namizəd məsələsindən əl çəkməyə çağırıb. Eyni zamanda deyib ki, Azərbaycana qayıdışının tarixini gələn ilin mart-aprel aylarında elan edəcək...

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı