Modern.az saytının məlumatına görə, Müsavat Partiyasının üzvü Vurğun Əyyub Türkiyədəki işindən ayrılaraq birdəfəlik Azərbaycana qayıdıb.
Qeyd edək ki, Vurğun Əyyub 2010-cu ildə Qars şəhərindəki Qafqaz Universitetində çalışmaq təklifi aldığından maddi problemlərlə əlqədar Azərbaycanı tərk etmişdi. O, lap bu yaxınlaradək Qarsdakı Qafqaz Universitetində müəllim işləyirdi.
Türkiyədə çalışıdığı müddətdə yaxın çevrəsi ilə söhbətlərində Vurğun bəy hər zaman Azərbaycan üçün darıxdığını söyləyirdi. Belə bir məqamda, təxminən bir ay öncə Vurğun Əyyuba Bakıdakı Xəzər Universitetindən iş təklifi gəlib. Nəticədə o, Xəzər Universitetinin təklifini qəbul edərək Vətənə dönüb.
Modern.az saytına o da məlum olub ki, Vurğun Əyyub artıq bir aya yaxındır Azərbaycandadır və Xəzər Universitetində işə də çıxır. Bunu onun özü də təsdiqləyib.
Xatıradaq ki, Vurğun Əyyub 1992-93-cü illərdə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri olub. Onun rəhbərliyi ilə Azərbaycanda ali məktəblərə ilk dəfə olaraq test üsulu ilə tələbə qəbulu həyata keçirilib.
Bu günlərdə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının yaradılmsının 20 illiyi tamam olub. Sosial şəbəkələrdə bu münasibətlə Vurğun Əyyubun komissiyanın ilk sədri kimi fəaliyyəti minnətdarlıqla xatırlanıb.
A.Qorxmaz