Modern.az

XXI əsrin Raskolnikovu: azərbaycanlılar niyə amansızlıqla öldürürlər? - EKSPERT RƏYLƏRİ

XXI əsrin Raskolnikovu: azərbaycanlılar niyə amansızlıqla öldürürlər? - EKSPERT RƏYLƏRİ

Ölkə

28 Noyabr 2012, 11:38

Son zamanlar Azərbaycanda qətl hadisələrinin sayı durmadan artır. Xüsusilə də amansızlıqla törədilən qətllər daha geniş vüsət alıb. Hətta elə olur ki, psixologiyasında heç bir problemi olmayan ziyalı, ali savadlı insanlar da əllərini qana bulayırlar. Bəs, onlar niyə belə amansızlıqla qətl törədirlər? Modern.az bunu mütəxəssislərdən öyrənib.

Şəmsəddin Əliyev: “Ölüm hökmü bərpa olunmalıdır”

Keçmiş polis polkovniki Şəmsəddin Əliyev deyir ki, sovet dövründə kriminal dinamika zəif idi. Sovet vaxtı kommunist ideologiyası, vahid ideya məsələsi var idi. Ziyalı da, fəhlə də, kəndli də bu ideologiyanın mahiyyətini dərk edirdilər. Televiziya, internet bu qədər inkişaf etməsə də, ideologiya hamıya məlum idi. Keçmiş polis polkovnikinin dediyinə görə, sonralar bu ideologiya ilə yanaşı, ölüm hökmünün də ləğv edilməsi kriminal halların sayını artırdı. Hüquq müdafiəçiləri də artıq ölüm hökmünün bərpa olunmasının tərəfdarıdır. Çünki ölkədə ölüm hökmü bərpa olunarsa, kifayət qədər ağır cinayətlərin qarşısı alınacaq.
“Xüsusi amansızlıqla qətl törətmək 21-ci əsrin məhsuludur. İnsanlarda sanki qisasçılıq hissi var. Cinayətlərin əksəriyyəti işsizlik, yoxsulluq, sosial və iqtisadi problemlərdən qaynaqlanır. Belə hal təkcə Azərbaycanda deyil bütün dünyada var. Bu cür problemlər olduqca xüsusi amansızlıqla törədilən cinayətlərin də sayı azalmayacaq”.

Xüsusi amansızlıqla törədilən cinayətlərin qarşısının almağın çətin məsələ olduğunu deyən keçmiş polis polkovnikinin sözlərinə görə, problemin həllində yalnız qabaqlayıcı tədbirlər görülə bilər: “Ümumiyyətlə insanlar hüquq və azadlıqlarından irəli gələn məsuliyyəti dərk etmirlər. Hər gün qonşuluqda ailə münaqişəsi baş verirsə heç olmazsa müəyyən hüquq mühafizə orqanına anonim müraciət etmək olar. Amma bu bizdə yoxdur. Biz belə hallarda yalnız seyrçi mövqe tuturuq. Cinayət törədənlər arasında ziyalılar da var bundan sonra da olacaq. Çünki ilk növbədə cinayətin motivinə baxmaq lazımdır. Daha çox cinayətlərin motivi qisasçılıq və qısqanclıq olur. Bu motivlər əsasında cinayətləri sadə vətəndaş da , ali təhsilli vətəndaş da törədə bilər. Amma tamah motivi ilə baş verən cinayətlərdə ali təhsillilərin sayı 0,1 faiz azdır. Belə cinayətlərin qarşısını almaq üçün cəza sərtləşdiriləməlidir”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, bu il təxminən 22 minə yaxın cinayət baş verib. Qeydə alınmış cinayətlərin təxminən 8 mini şəxsiyyət əleyhinə olub. Bu ilin yarım ili ərzində 1270 ağır cinayət qeydə alınıb. Ötən illə müqayisədə belə cinayətlərin sayı artıb. Əvvəllər cinayətə cəlb olunmuşlar arasında yenidən cinayət törədənlərin sayı isə  939 nəfər olub. Yetkinlik yaşına çatmayanlar isə 230 cinayət törədiblər. Bu ötən illə müqayisədə 1,3 faiz azdır. Qadınlar tərəfindən də 942 fakt qeydə alınıb. İşləməyənlər və oxumayanlar tərəfindən törədilən cinayətlərin sayı isə bu ilin altı ayı ərzində 7345 fakt təşkil edib ki, bu da ötən illə müqayisədə 135 fakt çoxdur.

Dəyanət Rzayev: “Bu sahə bizdə başlı-başına buraxılıb”

Getdikcə tendensiya halını almış bu kimi cinayətlərin psixoloji əsasları haqda psixoloq Dəyanət Rzayev Modern.az bildirib ki, belə cinayətlərin sayının artmasını daha çox profilaktik tədbirlərin olmaması ilə əlaqəlidir: “Sovet dövründə sahə müvəkkilinin hər bir ailədən xəbəri var idi. Hansı ailədə vəziyyət, ailə münasibətləri necədir, sahə müvəkkili kimin ailədə qəddarlıq törətdiyini, kimin işləmədiyini bilirdi və vaxtaşırı sahə müvəkkili gəlib maarifləndirici söhbət edirdi, ailələrdə maarifləndirmə işi aparırdı. Amma indi sahə müvəkkili kimsə bir dam düzəldəndə, təmir edəndə gəlib onlardan “şirinlik” istəyir. Bu, olduqca pis vəziyyətdir”.

Psixoloq deyir ki, əsas məsələ cinayətin kimin tərəfindən törədilməsi deyil. Çünki cinayətin törədənin ali təhsilli olmasından əlavə, həmin şəxs ilk növbədə insandır. D. Rzayevin sözlərinə görə, bu sahə də bizdə başlı-başına buraxılıb. Onun fikrincə, cinayət törədən insanlar iki məqsədlə cinayət törədirlər: “Alimlər belə qənaətə gəliblər ki, qəddar insanların qanında kalium və qurğuşunun miqdarı daha çoxdur. Çünki bu maddələrin orqanizmdə daha çox olmağı insanı potensial qəddarlığa gətirib çıxarır. Bundan başqa cinayət törədənlərin çoxu keçid dövründə yaşayıblar. Çoxlu travmalar alıblar. Həmçinin cəmiyyətdə uşaqlara olan ali məktəbə qəbul olmaq tələbləri, bu müddət ərzində yaşadıqları gərginliklər sonradan onlarda psixoloji travmalara səbəb olur. Hətta onlar universiteti bitirdikdən sonra da həmin stress canlarında qalır. Bu da özünü sonradan büruzə verir. Vəziyyət belə davam edərsə bir neçə ildən sonra da belə cinayətlərin sayı artacaq”.       

Əhməd Qəşəmoğlu: “Ziyalılara mənəvi zərbə vurulur”

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, mənəvi amillər maddiyyatı üstələməsi belə ağır cinayətlərə gətirib çıxarır: “Təəssüf ki, bu hal Azərbaycanda daha çox müşahidə olunur. Mənəvi amillər diqqətdən kənarda qalanda bu cür neqativ hallar artır. Proqnozlar da qorxuncdur. Çünki belə hallar getdikcə artacaq. Ona görə ki, Azərbaycanda maddi dəyərlər mənəvi dəyərləri üstələyir. Sovet dövründə bu sahəyə diqqətin az olması normal idi. Amma indi iqtisadi, maddi inkişaf imkan verir ki, mənəvi məsələlərə diqqət artırılsın. Bunun hamısı elmi əsaslarla olmalıdır”.

Belə qətllərin ziyalı, ali təhsilli şəxslər tərəfindən də törədilməsinin normal olduğunu deyən sosioloq bildirdi ki, həmin insanlar da ziyalı olmaqdan əlavə ilk növbədə insandır. Onlar hər hansı bir ilahi hisslərlə yaşamırlar: “Həmin bu ziyalılar da məhz maddiyyatın qurbanı olurlar. Təbii ki, burada həqiqi ziyalılardan söz gedir. Cəmiyyətdə baş verən proseslər psixoloji halı gücləndirir. Hər hansı bir ailədə gərgin vəziyyət yaranıb. Çünki hər hansı ər arvadını öldürməmişdən əvvəl bir-birini psixoloji cəhətdən öldürürlər. İstər ziyalı olsun istərsə orta təhsilli insan fərq etməz onun da əsəbləri tab gətirmir və ən sonunda əl bıcağa uzanır. Kimsə ona tənə edir sən filan qədər oxumusan, amma qonşu heç orta məktəb təhsili də yoxdur amma yağ bal içində yaşayır. Bu da onu mənəvi cəhətdən aşağılayır. Bu da ona psixoloji cəhətdən daha ağır zərbə vurur. Çünki onlar yüksək hisslərlə yaşayan insanlardır və onlara mənəvi cəhətdən zərbə vurmaq onlar üçün çox ağır nəticələr verir”.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı