Millət vəkili adı məlum videoqalmaqalda keçən Sevinc Babayeva ilə münasibətlərinin olmasına dair iddialara aydınlıq gətirdi
Millə vəkili Nizami Cəfərov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə bağlı məlum qalmaqalda adının hallandırılması ilə bağlı mətbuatda yazılanlara aydınlıq gətirib. Millət vəkili Modern.az-a açıqlamasında sabiq deputat Gülər Əhmədova ilə ABU rektoru arasında vasitəçi kimi tanınan Sevinc Babayevanı tanımadığını deyib. N.Cəfərovun sözlərinə görə, Elşad Abdullayevlə tanışlığı olsa da, Sevinc Babayevanı indiyədək görməyib.
“Bu əsaslandırılmamış məlumatdır. Düşünürəm ki, eyni zamanda provakasion
xarakterli bir məlumatdır. Sevinc Babayevanın adını mən son qalmaqalda eşitmişəm. Bu vaxta kimi mənim onunla heç bir tanışlığım, heç bir münasibətim olmayıb. Tamamilə yalan məlumatlardır. Mən Elşad Abdullayevi təbii ki, tanıyıram. Onunla salam-kalamımız da olub. Amma Sevinc Babayevanı ümumiyyətlə bu vaxta kimi tanımamışam. İlk dəfə adını son olayda eşitmişəm”, - deyə N.Cəfərov vurğulayıb.
Qeyd edək ki, “Bizim yol” qəzetinin bugünkü sayında Sevinc Babayevanı ABU-nun keçmiş rektoru ilə millət vəkili Nizami Cəfərovun tanış etdiyi haqda məlumat dərc olunub. Bildirilib ki, Sevinc Babayeva ilə deputat Nizami Cəfərovun yaxın münasibətləri olub. Qəzet iddia edib ki, Sevinc Babayevanın Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan Mirzə Ələkbər Sabir adına Kitabxananın müdiri vəzifəsinə də Nizami Cəfərov təyin etdirib. Qeyd edilir ki, o, bunun üçün şəxsən nazir Əbülfəz Qarayevdən xahiş edib.
Anar RÜSTƏMOV