Modern.az

Rəhim Qazıyevi görəndə ayağa qalxmıram!

Rəhim Qazıyevi görəndə ayağa qalxmıram!

Ölkə

29 Noyabr 2012, 09:31

Dostum Aqil Camalın Modern.az saytında sabiq müdafiə naziri Rəhim Qazıyev haqda yazdığı məqaləni oxumağı mənə qardaş Türkiyənin Azərbaycandakı səfirliyində çalışan başqa bir dostum məsləhət gördü. Biz bir qədər ordan-burdan danışıb sağollaşanda, dostum mənə növbəti dəfə xəbərdarlıq etdi: “Aqilin məqaləsini mütləq oxuyarsan. Yaxşı yazıb”.

Aqil Camal həmişə yaxşı yazdığı üçün dostumun sözlərini başımla təsdiqləyib, yoluma davam etdim. Redaksiyaya çatıb, kompüterin qarşısında əyləşəndə ilk işim Aqilin “Marşrutda gəzən nazir” adlı yazısını oxumaq oldu. Müəllif ad çəkməsə də, söhbətin keçmiş müdafiə naziri Rəhim Qazıyevdən getdiyi aydın olur. Aqil Camalın oxucular tərəfindən maraqla qarşılanan bu yazını yazmasına səbəb sabiq naziri avtobusda görməsi olub. Belə başa düşdüm ki, avtobusdakı sərnişinlərdən heç birinin Rəhim Qazıyevə yer verməməsi Aqili əməlli-başlı pəjmürdə edib. Yəqin buna görədir ki, növbəti dayanacaqda sərnişinlərdən biri enəndə Aqil Camal dərhal Rəhim Qazıyevi onun yerində oturmağa dəvət edib.

Rəhim Qazıyevin adı orta və yaşlı nəsli təmsil edən adamlara yaxşı tanışdır. Mən yeniyetmə olanda Azərbaycanda ən populyar adamlardan biri də Rəhim Qazıyev idi. Sadə camaat elə bilirdi ki, Rəhim kimi oğlu olan xalq heç vaxt basılmaz. Biz yeniyetmələr və gənclər Rəhim Qazıyevin komandanlığı altında ermənilərin burnunun tezliklə ovulacağına inanırdıq. 1991-ci ildə, hələ məktəbli partası arxasında əyləşəndə “İki sahil” qəzetində vətənpərvərlik mövzusunda bir məqaləm dərc olunmuşdu. Həmin məqalədə səhv etmirəmsə, Ulu Babəkə üz tutaraq, belə yazmışdım: “Şuşa qalasına sığınıb Rəhim nəvən”. Biz həmin vaxt Rəhim Qazıyevi arxasını nəhəng dağlara söykəmiş əzəmətli bir qaya zənn edirdik. Amma bu adamın nəinki əzəmətli bir qaya, heç çınqıl parçası belə olmadığını az sonra başa düşdük. Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal olunmasına görə əsas məsuliyyət Rəhim Qazıyevin üzərinə düşür. Təkcə Şuşanın işğalında oynadığı rola görə, bu adamı heç vaxt bağışlamaq olmaz.

İşğal təkcə kiminsə evsiz-eşiksiz qalması deyil. İşğal mənəvi işgəncə, vücuddakı sağalmaz yaradır. Bu yara heç vaxt qaysaqlamır. Sumqayıtda köçkün həyatı yaşayan nənəm üç gün əvvəl haqq dünyasına qovuşanda buna bir daha əmin oldum. Nənəmi 9 il əvvəl dünyasını dəyişmiş babamın yanında dəfn etdik. Babam kimi nənəmə də çəpinə qəbir qazdıq. Bu, həmin qəbrin müvəqqəti olmasına işarədir. Ola bilsin ki, 9 il sonra hansısa qohumumuz dünyasını dəyişəndə, onun də qəbrini çəpinə qazacağıq. Yurd nisgilinin, torpaq həsrətinin nə vaxt başa çatacağı məlum deyil. Üfüqdə parıltı görünmür...

Aqil Camaldan fərqli olaraq, mən ictimai nəqliyyatda Rəhim Qazıyevlə bir neçə dəfə qarşılaşmışam. Amma heç vaxt ona yer verməmişəm. Çünki bu adamı görəndə həmişə dünyadan nisgilli köçən əzizlərim, bir də onlar üçün çəpinə qazdığımız qəbirlər gözümün önünə gəlir...

Mən, böyük-kiçik yeri bilən adamam. Amma hesab edirəm ki, insana yaşına deyil, əməlinə görə qiymət vermək lazımdır. Yaxşıya hörmət, pisə töhmət yaraşır...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı