Aqil Abbas, Azay Quliyev, Flora Qasımova, Asim Mollazadə, Qənirə Paşayeva və digərləri kampaniyaya qoşuldular...
Milli Məclisin bir neçə deputatı Müsavat Partiyasının üzvü Nigar Yaqublunun azadlığa buraxılması ilə bağlı imzatoplama kampaniyasına başlayıb. Modern.az saytının məlumatına görə, gənc fəalın məlum olaydan sonra həbsdə saxlanılmasını pisləyən millət vəkilləri Aqil Abbas, Azay Quliyev, Flora Qasımova, Asim Mollazadə, Fəzail Ağamalı kampaniyaya qoşulublar.
Onlar Nigar Yaqublu ilə əlaqədar Abşeron rayon Məhkəməsinə müraciət ediblər. Deputatlar Nigar Yaqublu haqqında seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini və ev dustaqlığına buraxılmasını xahiş ediblər.
Bəzi deputatlar isə imzatoplama kampaniyasına qatılmaqdan imtina ediblər.
Nigar Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu Modern.az-a açıqlamasında millət vəkillərinə göstərdikləri təşəbbüsə görə minnətdarlığını bildirib. T.Yaqublunun sözlərinə görə, deputatların Nigar Yaqubluya göstərdiyi diqqət çox yüksək və ədalətlidir.
Qeyd edək ki, Müsavat Partiyasının üzvü, gənc fəal Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. N.Yaqublunun növbəti məhkəmə prosesi dekabrın 5-də keçiriləcək.
Anar RÜSTƏMOV