“Hazırda ictimai nəqliyyatda cəmi 170 xətt və 64 daşıyıcı qalıb”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. Nazirlik rəsmisi bildirib ki, bu proses davam edir.
“Bir də görürsən ki, bu gün bağlanan avtobus xətti, sabah bir başqa xətdə yönləndirilir. Ona görə də bir az anlaşılmazlıq yaranır. Yaxın vaxtlar bu işlərlə bağlı iclas olacaq. İclasda tam siyahı açıqlandıqdan sonra bunu vermək mümkündür. Bu baxımdan indi tam siyahını verə bilmərəm. Siyahı mediaya natamam verilsə, camaat arasında çaşqınlıq yaran bilər. Bu çox incə məsələdir”.
N.Həsənovun sözlərinə görə, Bakıda sərnişin avtobuslarında gediş haqlarının ödənilməsi 2013-cü ilin əvvəlindən etibarən kart sistem ilə olacaq.
“Ümumiyyətlə avtobuslarda kartların quraşdırılmasına ilin əvvəlindən start veriləcək. Yaxın üç ay ərzində hazırlıq prosesi gedəcək. İlin əvvəlində tam start veriləcək ki, proses başlansın və üç ay ərzində bu proses hazır vəziyyətə gətirilsin. Bu vaxt ərzində hazır olsun ki, turniketlərin quraşdırılması və kartların işlənmə mexanizmində problem olmasın”.
Anar Kəlbiyev