“Əfv fərmanı ilə bağlı ənənəvi işlər gedir. Odur ki, ilin sonunda əfv fərmanı imzalana bilər”. Bu sözləri Modern.az-a açıqlamasında Prezident Yanında Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova məsələ ilə bağlı perspektivi şərh edərkən vurğulayıb. Komissiya üzvünün sözlərinə görə, bu ilin sonunda əfv fərmanının imzalanması istisna etmir.
Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bizə açıqlamasında bildirib ki, ənənəvi hal alan əfv fərmanının bu il də imzalanacağı istisna edilmir. Onun sözlərinə görə, prezident ildə bir neçə dəfə belə humanist addım atır. Odur ki, bu il də belə addımın atılmasına ümid edirik: “Hər il olduğu kimi bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə prezident bir daha humanizm nümayiş etdirərək əfv fərmanı imzalayacaq. Neçə nəfərin əfv fərmanına düşməsindən asılı olmayaraq, 5, 10, 100 nəfər olsa belə, bu addımın atılması hüquq müdafiəçiləri tərəfindən humanist bir addım kimi qəbul olunur. Biz hüquq müdafiəçiləri olaraq Əfv Komissiyasına müraciət etmişik”.
“Belə hesab edirəm ki, kimliyindən asılı olmayaraq əfv fərmanına uyğun olaraq cəzasının müəyyən hissəsini çəkdikdən sonra müsbət xarakterizə olunan şəxslərin əfv edilməsi mümkündür. Hüquq Müdafiə Təşkilatlarının Monitorinq qrupunun siyahısında 10 nəfərə yaxın adamın adı var ki, bu siyahını da prezidentə göndərmişik. Güman edirik ki, prezident əfv fərmanı imzalayarkən bizim siyahı da kənarda qalmayacaq”.
Gültəkin Ələsgər