Hər bir millətin dünyada tanıdılmasında özünəməxsus kimliyi var. Bu müxtəlif ölkələr üzrə dəyişə bilir. Bəs maraqlıdır, Azərbaycan dünyada özünə nə ilə tanıda bilər? Mədəniyyətimizin hansı sahəsi dünya mədəniyyətləri arasında özünə yer tuta bilər? Modern.az-ın bu suallarını Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri, millət vəkili Nizami Cəfərov cavablandırıb.
N. Cəfərovun sözlərinə görə, Azərbaycan dünyada birinci növbədə nefti ilə tanınır: “Mədəniyyət sahəsində də bu gün ən çox muğamla tanınırıq. Muğamdan başqa ədəbiyyat sahəsində Nizami, Füzuli, Nəsimi yaxşı tanınır. Yəni dünyanın böyük şairləri içərisində bizim 3-4 şairimiz var ki, onla dünyada r məşhurdur”. N. Cəfərov bildirib ki, Azərbaycan öz mədəniyyətini dünyada tanıtmağa hələ təzə başlayıb. “Məsələn, Nizami Gəncəvini dünyada daha çox İran şairi kimi, Füzulini ümumi müsəlman şairi kimi tanıyırlar. Muğamda daha çox Şərq musiqisi kimi tanınırdı, amma bu gün Azərbaycan ona sahib çıxdı və məşhurlaşmış bir hadisənin qeydiyyatı müəyyənləşdi”.
Azərbaycanın tarixi mədəniyyət abidələrindən danışan deputat qeyd edib ki, Qobustan dünyada daha çox tanınır. Nizami Cəfərov: “bizim rəssamlarımızın müəyyən hissəni dünyada tanıyırlar. Eləcə də bugünki yazıçılarımızın bir qismini tanıyırlar. Hər halda mövcud icmallarda onların adı çəkilir. Dünya ədəbiyyatı kitabları yazılanda onu ingilis də, alman da rus da yazır ki, bu hadisələr var. Azərbaycan müstəqil olduqdan sonra “Dədə Qorqud”, “Koroğlu” tanınmağa başlandı, aşıq musiqisi muğam qədər tanınmasa da, tanınır və tanınmağa doğru gedir”, – deyə əlavə edib.
Milli mətbəximizin dünyada tanınmasından söz açan millət vəkilinin sözlərinə görə, Azərbaycan həm də türk dünyasında öz yemək mədəniyyəti ilə seçilir. “Harada Azərbaycan mətbəxi varsa, orada daha çox bizim restoranlara maraq var. Bu bizim yeməklərin xarakterinə görədir. Yəni bizim yeməkləri yeyənlər sevirlər, yadda saxlayırlar”.
N. Cəfərov mədəniyyətimin tanıdılmasında Heydər Əliyev Fondunun böyük rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, fondun mədəniyyət sahəsində gördükləri işlər həqiqətən inqilabdır. Millət vəkili Mədəniyyət və Turizm Nazirliyinin də bu yöndə böyük rolu olduğunu bildirib. “Nazirliyin bu yöndə ayrıca xətti var. Nazirlik tez-tez başqa ölkələrdə Azərbaycan mədəniyyət günləri keçirdir və mədəniyyətimizin tanıdılmasına çalışır”.
Heydər Əliyev Fondunun bu sahədə əvəzolunmaz rolu olduğunu qeyd edən millət vəkili bildirib ki, muğamın, aşıq sənətinin dünyada tanıdılmasında fond böyük rol oynayır.
Nizami Cəfərov bildirib ki, Azərbaycanın “Eurovison” mahnı müsabiqəsində qalib gəlməsi, bu müsabiqənin Azərbaycanda keçirilməsi bir daha mədəniyyət sahəsində nə qədər uğur əldə etdiyimizin bariz nümunəsidir.
Sevinc İltifatqızı