Modern.az

Macəra, ekzotika və təmtəraq axtaran azərbaycanlılar Yeni il üçün xarici ölkələrə gedirlər - ARAŞDIRMA

Macəra, ekzotika və təmtəraq axtaran azərbaycanlılar Yeni il üçün xarici ölkələrə gedirlər - ARAŞDIRMA

Ölkə

5 Dekabr 2012, 10:20

İnsanlar hər dəfə Yeni ili fərqli şəkildə qeyd etmək istəyir. Bu il daha çox nəzərə çarpan fərqlərdən biri bayramın xarici ölkələrdə qeyd edilməsidir. Əslində, bu, yeni adət deyil, amma öncəki illərə nisbətən bu il bayramı xaricdə qeyd etmək istəyənlər daha çoxdur. İndi əksəriyyət yenilik axtarır, hər il bu tarixi başqa ölkədə qeyd etməklə fərqliliyi yaşamış hesab edirlər. Kiminə görə lazımlı, kiminə görə əlçatmaz, kiminə görə isə əlavə xərc tələsi olan xarici ölkədə bayram qarşılamalarına bizim ölkədən də gedənlər az deyil. Artıq belə həvəskarların kimisi istədiyi ölkədədir, kimisi də yola çıxmağa hazırlaşır.

Modern.az azərbaycanlıların Yeni ili harada və necə qarşılayacağını araşdırıb. 

Öncə məlumat üçün qeyd edək ki, dekabr ayının başından bir çox turizm şirkətlərində biletlər - Yeni il paketlərinin demək olar ki, yarıdan çoxu satılıb. Çünki Yeni ili xaricdə keçirməyi planlaşdıranlar biletlərini hələ 2-3 ay öncədən sifariş edirlər. Belələrini nə Avropanın sərt qarlı-şaxtalı havası, nə də tez-tez təxirə düşən təyyarə reysləri maraqlandırır. Azərbaycanda havaların mülayim keçməsi də imkanlı həmvətənlərimizi məhz qarlı havada Yeni ili qeyd etmək üçün xaricə yollanmağa həvəsləndirir. Amma qarlı havanı sevməyənlər, qışın soyuğundan bezənlər isə Yeni ili isti - isti qarşılamaq üçün isti havası ilə seçilən ölkələrə üz tuturlar.

Turizm şirkətlərin arasında apardığımız qısa sorğudan belə nəticəyə gəldik ki, bu il xaricdə Yeni ili qeyd etmək istəyənlər daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri-Dubay, Gürcüstan və Rusiyanı seçirlər. Finlandiya, Yaponiya, ABŞ, İtaliya, Fransa və bəzi Şərq ölkələrini seçənlər də az deyil. Şərq ölkələrinin (xüsusilə Yaponiya, Hindistan, Çin, Koreya) ekzotik və cəlbedici olduğunu düşünən səyahətçilərin fikrincə, bu ölkələrdə il qarşılama daha da maraqlı keçir. 

Yeni il şənliyinin ən möhtəşəm keçirildiyi şəhərlərdən biri Moskva olduğundan dünyanın hər yerindən turistlər Yeni ili qeyd etməyə məhz bura gəlir.

Azərbaycandan da bu ölkəyə Yeni ili qarşılamaq üçün gedənlər az deyil. 
Türkiyədə dəbdəbəli otellərdə olduqca maraqlı Yeni il şənlikləri təşkil olunur. Bəlkə də bu səbəbdəndir ki, həmyerlilərimiz sözügedən bayramı qonşu Türkiyədə keçirməyə üstünlük verirlər. Ekzotikanı sevən azərbaycanlılar isə bayramı Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeyd etməyə üstünlük verir. Gürcüstana səfər edən soydaşlarımız əsasən dağ-xizək kurortu sayılan Bakuriani istirahət zonasına, Qudauri və Tiflisə istiqamətləniblər. Türkiyəni ziyarət edən Azərbaycan vətəndaşları isə üstünlüyü əsasən İstanbul və Antalya şəhərlərinə verib. Sirr deyil ki, BƏƏ-yə gedən azərbaycanlı turistlər bayramı Dubayda keçirəcək.

Azərbaycanda fəaliyyət göstərən aparıcı turizm şirkətlərindən həmçinin bildirilib ki, azərbaycanlı turistlərin çox az qismi Yeni il tətillərini Avropa şəhərlərində də keçirəcək. Belə ki, çox az sayda soydaşlarımız Praqa (Çexiya), Vyana (Avstriya), Barselona və Madrid (İspaniya), Roma və Milan (İtaliya) kimi şəhərlərə üz tutub.

Yeni il üçün xaricə axın edən azərbaycanlılarla yanaşı, 2013-ü Azərbaycanda qarşılamaq istəyən xaricilər də var. 

“Paşa Travel”-in satış üzrə meneceri Orxan Qorxmaz deyir ki, yaponlar və almanlar Azərbaycanda Yeni ili qarşılamağa həvəs göstərirlər. Bu ölkədən Azərbaycana axın edən turistlər Yeni ili daha çox Qəbələdə keçirməyə üstünlük verirlər.    

“Azərbaycan Express Travel” turizm şirkətinin satış meneceri Rasifa Rəfiyevanın dediyinə görə, Azərbaycanda 2013-ü qarşılamaq istəyən Türkiyə, qismən də Gürcüstandan gələn xaricilərin burada əsas istiqamətləri Qəbələ, Lerik və Nabran kimi rayonlar olur.

“Gilan” turizm şirkətinin satış meneceri Elmar Əhmədzadə isə deyir ki, Azərbaycanda Yeni il maraqsız keçdiyindən bayramqabağı Azərbaycan turist qıtlığı yaşayır. Buna baxmayaraq, ölkəmizə Rusiyadan və Ukraynadan gələnlər olur. Onun sözlərinə görə, bu şirkət vasitəsilə ölkəmizdən gedən azərbaycanlılar 2013-ü daha çox Tayland, Dubay, Türkiyə Misirin Şarm-əl Şeyx istirahət zonasında və Avropa ölkələrində qarşılamağa üstünlük veririlər.   

“Free Style Safari”nin satış meneceri Nərgiz Usubova bu şirkət vasitəsilə ölkədən gedən həmyerlilərimizin Yeni ili daha çox Dubay, Sinqapur, Banqkok və Türkiyədə qeyd etdiyini bildirib.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı