Məcburi köçkünlərə şad xəbərlər var...

Bədən Tərbiyəsi və İdman Akademiyasının Fətəli Xan Xoyski-98 ünvanında yerləşən yataqxanasında məskunlaşmış məcburi köçkünlərin Mehdiabad qəsəbəsindəki (Abşeron rayonu) yeni şəhərciyə köçürmə prosesi hələ ki davam edir. Proses yaxın günlərdə başa çatacaq. Bu barədə Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.
“Hələ ki köçürülmə davam edir, amma əraziyə əlavə olaraq başqa kimlərin və neçə ailənin köçürülməsi ilə bağlı konkret məlumatım yoxdur. Orada hazırda neçə evin boş qalması haqqında da bizim məlumatımız yoxdur, çünki oradakı binalar “Dövlətqaçqınkom” tərəfindən tikilmir, dövlət tərəfindən həmin mənzillər alınır və məcburi köçkünlər də həmin mənzillərə köçürülür”.
Komitə rəsmisi onu da əlavə edib ki, İmişlidə – 325 ailə, Mingəçevirdə – 502 ailə üçün nəzərdə tutulan qəsəbə artıq hazırdır. Həmin qəsəbələrə də yaxın zamanlarda köçürülmə başlayacaq.
Bakı Dövlət Universitetinə məxsus tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində salınan şəhərciyə yerləşdirilməsinə gəlincə isə E.Qədimov bildirib ki, bu yaxın zamanlarda gerçəkləşəcək: “Ora 22 hektar torpaq sahəsini əhatə edir. Bütöv bir mikrorayon salınıb, bütün infrastruktur obyektləri yaradılıb. 20 ədəd 5 mərtəbəli bina, 1440 ailəlik bir məhəllədir. Məhəllənin tikintisi tam başa çatmaq üzrədir. Son tamamlanma işləri qalıb. Yaxın vaxtlarda işlər başa çatacaq və məcburi köçkünlər ora köçürüləcək. İlkin olaraq Müşfiqabada BDU-nun bütün yataqxanalarının sakinləri köçürüləcək, sonra hansısa yataqxanaların köçürülməsi nəzərdə tutulacaqsa, o haqda məlumat veriləcək”. E.Qədimob deyib ki, hazırda Masazır ərazisində də böyük tikinti işləri aparılır. Orada salınan şəhərcikdə 13 ədəd beşmərtəbəli bina tikilir. Tikinti başa çatandan sonra köçkün ailələri həmin şəhərciyə köçürüləcək. “BDU-nun yataqxanaları boşaldılandan sonra, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarının boşaldılması nəzərdə tutulur”.
E.Qədimov onu da əlavə edib ki, Binəqədi rayonu 9-cu mikrorayondakı Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında məskunlaşan köçkünlərin də Müşfiqabada köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq nə vaxt başlanma tarixi məlum deyil.
Nihadə Eyyubova