Yüksək bal toplayaraq prezident təqaüdünə layiq görülən bəzi tələbələr sonradan bu nəticəni qoruyub saxlaya bilmirlər. Çünki universitetə daxil olandan sonra bəzi tələbələrdə bir rahatlıq yaranır. Hətta bu arxayınlıq bəzi hallarda əlaçı tələbələrin “kafi” qiymətlər alması ilə nəticələnir.
Modern. az universitetlər arasında prezident təqaüdçülərinin son illərdə göstərdiyi nəticələri öyrənməyə çalışıb.
Bakı Dövlət Universitetinin tədris şöbəsinin əməkdaşı Cəmilə Quliyeva bildirib ki, prezident təqaüdünə layiq görülən tələbələrin əksəriyyəti bu adı qoruyub saxlaya bilir:
“Bu cür tələbələrin yalnız kiçik qismi prezident təqaüdlərindən məhrum edilib. O da “kafi” qiymət olmayıb, “yaxşı” alıblar. Elə hallar da olub ki, tələbənin “əla”ya bir-iki balı çatmayıb. O zaman da həmin tələbələr universitetin Münaqişə Komissiyasına (MK ) müraciət edirlər, orada da onların prezident təqaüdçüləri olduğu nəzərə alınır və əlaçılıqdan düşməyə imkan vermirlər”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tədris şöbəsinin məlumatına görə, bu ali təhsil ocağında ümumiyyətlə belə hal baş verməyib: “Tələbələr prezident təqaüdçülüyünü hər zaman qoruyub saxlayırlar”.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev deyib ki, bu cür tələbələrin üzərində universitet rəhbərliyi tərəfindən nəzarət güclü olduğundan belə bir halın baş verməsindən danışmaq qeyri-mümkündür:
“Bizim universitetdə bu hal baş verməyib. O tələbələr hər zaman universitetin nümunəvi tələbələri olurlar. Həmin tələbələr universitet rəhbərliyinin nəzarətindədirlər. Onlar hər zaman bu adı qoruyub saxlayırlar”.
Azərbaycan Dövlət Tibb Universitetindən verilən məlumatına görə, prezident təqaüdçülərinin yalnız 5%-i öz təqaüdlərindən məhrum olublar. “Bu cür hallar çox az baş verir. Onlar öz əlaçılığını qoruyurlar. Çox cüzi hissəsinin qiyməti “yaxşı”ya düşür. “Kafi”yə düşən isə heç olmayıb”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova isə bildirib ki, bu universitetdə prezident təqaüdlü tələbə olmayıb.
Qeyd edək ki, “2012/2013-cü tədris ilində ölkə başçısının imzaladığı sərəncamla 102 I kurs tələbəsinin hər birinə 150 manat məbləğində Prezident təqaüdü ayrılıb
Nihadə Eyyubova