Politoloq Zərdüşt Əlizadə Milli Məclisin sabahkı iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İranla sərhədyanı rayonlarında yaşayan vətəndaşlar üçün sadələşdirilmiş sərhəd qaydalarının ləğvi məsələsinə münasibət bildirib. Z.Əlizadə Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi bu addımı atmaqla İrandan çəkindiyini göstərdi. Politoloqun fikrincə, İranla Azərbaycan arasında gediş-gəliş də belə getsə, qadağan edilə bilər.
“Azərbaycan hakimiyyəti İrandan çəkinir. İran isə əksinə, Azərbaycandan çəkinmir. İran viza rejimini ləğv edir, amma bunun müqabilində Azərbaycan vizanı ləğv etmir. Sadələşdirilmiş keçid rejiminin ləğv edilməsi bir daha onu göstərir ki, Azərbaycan İrandan qorxduğu üçün bu addımı atır. Azərbaycan bundan artıq nə edə bilər? Belə getsə, gediş-gəlişi də qadağan edə bilər. Görünür Azərbaycan İsraillə Fələstin arasında olduğu kimi, İranla da çəpər çəkmək niyyətindədir”.
Qeyd edək ki, Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasında 25 məsələ gündəliyə çıxarılacaq. Siyahıda diqqət çəkən əsas məsələ Azərbaycanın İranla sərhədyanı rayonlarında yaşayan vətəndaşlar üçün sadələşdirilmiş sərhəd qaydalarının ləğvinin gündəliyə çıxarılmasıdır.
Anar RÜSTƏMOV