Modern.az-ın “Ad günü” rubrikasında bu dəfə Azərbaycanın böyük şairi Ramiz Rövşənin ad günündən bəhs olunur. Dekabrın 15-də şairin 66 yaşı tamam olub. R.Rövşəni millət vəkili Gövhər Baxşəliyeva təbrik edib və sonda müəllifin “Ayrılıq”şeirindən iki misra deməyi də unutmayıb:
“Ramiz Rövşəni Azərbaycanın görkəmli şairi kimi tanıyıram və onun mənə tanış olan şeirlərini çox bəyənirəm. Deyə bilmərəm ki, onun bütün yaradıcılığı ilə yaxından tanışam, amma bir sıra şeirləri var ki, məni dərindən tutub. Görürəm ki, əlbəttə, bu şeirləri yazan insan son dərəcə həssas, son dərəcə vicdanlı bir insandır.
Hörmətli şairimizi ad günü münasibətilə ilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, cansağlığı arzulayıram. Arzu edirəm ki, hələ uzun-uzun illər o, Azərbaycan xalqını, öz pərəstişkarlarını qələmi ilə sevindirsin və xalqımıza öz xidmətini göstərsin.
Onun “Qara paltarlı qadın” və xüsusən də “Yenə bu şəhərdə üz-üzə gəldik” misrası ilə başlayan “Ayrılıq” şeirini çox bəyənirəm.
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
Çox gözəldir! Bu şeir çox ürəyimcədir, onun digər gözəl şeirləri də var. Bir insan kimi onunla unsiyyətdə olmasam da, şeirlərini bəyənirəm.
Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova