“Gülər Əhmədovanın YAP-dan çıxarılması gözlənilən idi”. Bu sözləri Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov Gülər Əhmədovanın bu qurumdan çıxarılmasına münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Gülər Əhmədova deputatlıqdan çıxıbsa, YAP-dan da çıxarılmalı idi.
“Onun deputatlıq səlahiyyətlərinə xitam verilmişdisə, hər halda mənə elə gəlir ki, partiyadan da çıxarılmalı idi. Hesab edirəm ki, partiyadan çıxarılması qanunidir. Onun partiyadan çıxarılması məsələsi ilə bağlı çoxdan söhbət gedirdi, indi də çıxarıldı”-deyə, E.İbrahimov bildirib.
Qeyd edək ki, sabiq deputat Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvlüyündən dünən çıxarılıb. Məlumatı Modern.az-a Gülər Əhmədovanın üzvü olduğu YAP-ın Bakı Dövlət Universiteti üzrə ərazi təşkilatından veriblər.
Xatırladaq ki, sentyabrın 25-də internetdə Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb.
Sabiq deputat Gülər Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin parlamentə seçilməsi üçün ondan 500 min dollar istəməsi ilə bağlı qalmaqallı videoçarx Bakı Şəhər Prokurorluğunda CM-in 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işinin qaldırılmasına səbəb olub.
Sevinc İltifatqızı