“İndi Azərbaycan qardaşları YUNESKO-ya buyurublar ki, Azərbaycan tarı qəbul olunsun. Həmin tar İran tarına bənzərdir, amma tarlarımız ayrı-ayrıdır”. Bu sözləri Modern.az-a açıqlamasında İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad İmam Sadiq deyib.
İranın rəsmisi bildirib ki, 2009-cu ildə İran bir neçə musiqi alətini qeydiyyata aldırmaq üçün YUNESKO-ya müraciət edib.
“Onlar arasında tar, ney, səntur və başqa alətlər var idi. Həmin alətləri İran adına imzaladılar və elan olundu. Azərbaycan tarına gəldikdə, bu, İran tarına bənzər bir alətdir, amma ayrı bir tardır. Onların fərqi də var, oxşarlığı da çoxdur. Çünki ərazilərimiz çox qədimdən birləşik bir məntəqə olub. Ərazilərimiz birləşik olduğu üçün musiqi alətlərimiz də bir-birinə oxşayır. Bu baxımdan onları ayırmaq çox çətindir. Sonra coğrafiya dəyişdi, elə oldu ki, İran və Azərbaycan ayrı-ayrılıqda müstəqil bir məmləkətə çevrildi. Məmləkət müstəqil oldu, amma mədəniyyət ki, müstəqil ola bilmir. Çünki mədəniyyət elə bir şeydir ki, elə qədimdən bu məmləkətdə var idi. İndi bu tarların biri olar İranın, digər də Azərbaycanın. İnşallah hərə öz tarında ifa edər”.