Modern.az

Bir-birini təkzib edən məmurlar

Bir-birini təkzib edən məmurlar

Ölkə

21 Dekabr 2012, 13:03

Bu yazının başlığını oxuyub başqa şeylər düşünmək lazım deyil. Mənim məmurlarla heç bir işim yoxdur. Onsuz da, onların bir-biriylə işləri çoxdur. Yazının başlığına gəlincə, demək istəyirəm ki, uşaq vaxtı quzuları otarmaq müqabilində atamdan 1 manat alıb kəndimizdə məhşur hind kinosu – «Bir-birinə bənzəməyən qardaşlar»a çox baxmışam deyə, yazıya da bu başlığı qoydum. Bu, mənim həmin kinoya olan məhəbbətimdən irəli gəlir, nəninki, bir-birini bəyənməyən məmurlara. Məsələ burasındadır ki, hər bir məmur ilk növbədə öz işi və əməlləri ilə cəmiyyətin dövlətə qarşı inamını yaratmağa borcludur. Bunun üçün isə əvvəlcə məmurun özünə inam olmalıdır. Bizim bəzi məmurlar isə nə özünə inam yarada bilir, nə də dövlətə. Məsələn, elə hadisələr baş verir ki, iki məmur bir-biriylə üz-üzə gəlir, ikisinin də dediyi həqiqət kimi görünür, amma bir-birlərini təkzib edən fikirlər dedikləri üçün cəmiyyət çaş-baş qalır.
Elə götürək təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə arasındakı söz savaşını. Bir tərəfdən baxanda, Misir Mərdanov haqlı görünürdü, o biri tərəfdən baxanda isə Məleykə Abbaszadə. Bəs, əslində, kim haqlıdır? Heç biri. Çünki bu gün bu iki məmurun arasında gedən gizlin savaş ucbatından cəmiyyətdə təhsilə olan inam azalıb və təhsil sahəsində ciddi narazılıqlar yaranıb. Misir Mərdanov isə dinc dayanmır və bir-iki gün öncə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da «bostanına daş adıb». Bakıdakı uşaq bağçalarının birində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı jurnalistlərə açıqlama verən nazir bu faktdan təəssüfləndiyini bildirməklə yanaşı, əlavə edib ki, uşaq bağçaları vaxtilə Təhsil Nazirliyinin tabeliyində olanda belə hallar olmayıb və o da nazir kimi belə bir şeyi xatırlamır. Nə baş verir cənab nazir? Məleykə Abbaszadə ilə mübahisə bitdi, indi də Hacıbala müəllimə söz atırsınız? Demək istəyirsiniz ki, uşaq bağçaları Təhsil Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verildiyi üçün uşaqlar bağçada zəhərlənib? Buyurun, Hacıbala müəllimin verdiyi möhtəşəm cavabı oxuyun və istəsəniz gülün, istəsəniz ağlayın. Şəxsən mən ağlayıram. Bakı meri deyir ki, uşaqlar zəhərlənməyib, sadəcə olaraq bu işdə günah həmin uşaqların immunitetini zəif olmasına nəzarət etməyən valideynlərdə imiş. Dəhşətli fakta dəhşətli cavab. Vaxtilə, KVN-in uşaqları Hacıbala Abutalıbovu parodiya edəndə deyirdilər ki, Bakıda stadion uçur, günahı atırlar Hacıbala Abutalıbovun boynuna, o da günahı yıxır ermənilərin üzərinə. Bizim merimiz həqiqətən də unikal adamdır. Amma nədənsə Hacıbala müəllim Misir müllimin atmacasına cavab verməyib. Yəqin, Bakı meri xalqın etibarını itirməmək üçün məmurlar arasında bir-birinə söz atmacalarını xoşlamır.
Ancaq neçə vaxtdır ki, daha iki məmurun fikirləri bir-birinə uyğun gəlmir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl yamacında, sürüşməyə meyilli olan ərazilərdə ağac əkir, yay aylarında hər gün bu ağaclar sulanırdı, indi qışdır deyə, suvarma bir az dayanıb. Nazir Hüseyn Bağırov deyir ki, bu ağacların əkilməsi ilə sürüşmənin qarşısı alınacaq. Baş nazirin müavini Abid Şərifov isə bildirir ki, Bayıl yamacında əkilən ağacları hər gün suvarmaq, bu əraziyə su axıtmaq təhlükəlidir. Abid müəllim deyir, olmaz, Hüseyn müəllim deyir, olar. Hələ bu nədir ki? Durun gedin Bayıldakı küçələri gəzin, sürüşmə zonasına baş çəkin. Görəcəksiniz ki, burada küçələrə, yolları hər gün su axıdılır. Hətta su axını dayanmır. Çünki su boruları köhnəlib və hər gün partlayır, içməli su da küçələrə, yollara axır. Həmin ərazidə yaşayan sakinlərdən biri 2-3 kub artıq su işlədən kimi kəsirlər adamın boynunun kökünü və cərimə yazırlar ki, suyu oğurlamısan. Amma küçələrə, yollara illərdir axan içməli suyun dərdini çəkmirlər. Adam var ki, içməyə su tapmır, Bayılda isə dövlətin milyonları hesabına başa gələn içməli su küçələrə axıdılır. Hətta burada elə bir vəziyyət də yaranıb ki, Bayıl yamacından axan sular bəzən yeni bulvarın ərazisinə də gəlib çatır. Günah kimdədir? Əlbəttə ki, «Azərsu» ASC-də. Yəni, sürüşməyə təkan verən su küçəyə axır, Bayıl hər gün sürüşür, hər gün yerin dərinliyinə neçə kub metr su axır, amma bunun qarşısını alan əlaqədar təşkilat öz işini görmür. Belə çıxır ki, «Azərsu» ASC də Abid Şərifovun dediklərini eşitmir və ya, eşitmək istəmir? O boyda adam deyir və elm də sübut edir ki, su axını sürüşməyə səbəb olan amildir. Amma nə nazir, və ASC rəhbəri bunu eşidir. Yəqin sürüşmə baş verəndə uçub dağılan evlərin şaqqıltısını eşitməyi gözləyirlər.
Görürsünüzmü, bir neçə məmurun sözü bir-birinə xoş getməyəndə ziyanı kim çəkir? Əlbəttə ki, sadə xalq. Ona görə xoşlamıram bu sadəliyi. Sadə olan həmişə əziyyət çəkir. Gərək mürəkkəb olasan ki, sənə görə baş sındırsınlar. Yoxsa sənin başını sındıracaqlar…

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı