Modern.az

Bazarların yiyəsi kimdir? - Əmlak Komitəsi onların sayını açıqladı, sahiblərini isə yox...

Bazarların yiyəsi kimdir? - Əmlak Komitəsi onların sayını açıqladı, sahiblərini isə yox...

Ölkə

21 Dekabr 2012, 16:59


Bir zamanlar Azərbaycanda bazarlara getmək, həftəlik alış-veriş etmək xüsusi bir ənənə halını almışdı. Bazarların özünə məxsus çəkisi var idi. Bəzi insanlar üçün bazarlıq xüsusi bir mərasim idi. Hazırda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, bazarlar əvvəlki statusunu itirib, müxtəlif sahibkarların və ya fiziki şəxslərin səlahiyyətinə keçib. Nəticədə bazarları əvəzləyən super marketlər, ya da yarmarkalar insanların alış-veriş yeri olub.

“Azərittifaq”ın sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev hesab edir ki, Bakı şəhəri ərazisində bazarlar supermarketlərlə əvəz olunmalı, yalnız bir və ya iki bazar Şərq üslubunda hazırlanıb saxlanılmalıdır.

“Bazarlar 1993-cü ilin yanvarında yerli İcra hakimiyyətlərinə verilib. Nazirlər Kabinetinə də tapşırıq verildi ki, biz İcra hakimiyyətlərinə təhvil-təslim edək, onlar da bunun dəyərini bizə ödəsinlər. Təhvil-təslim həyata keçirilsə də, bu günə qədər ödəniş olmayıb. Heç ümid etmirik də ödəniş olsun. 1995-1996-cı illərdə özəlləşmələr başlayanda isə bazarları keçmiş Dövlət Əmlak Komitəsinə verdilər. Əmlak Komitəsi vasitəsi ilə bazarların hamısı özəlləşdirildi.

İstəyərdim ki, Bakıda bir və ya iki bazar Şərq üslubunda ya tikilsin, ya da təmir olunsun. Bunlar da xaricdən gələn qonaqlar və ya turistlər üçün lazımdır. Qalanlar isə böyük marketlərə verilsin. Avropa ölkələrində, xüsusi ilə də Qərbi Avropada böyük marketlər üstünlük təşkil edir. Ərzaq ətindən-südündən tutmuş gigiyenik qaydalara əməl edərək, qablaşdırılmış formada satılır. Özü də satıcılar xalatdə və əlcəkdə olurlar. Amma bizim bazarlara getsəniz, görəcəksiniz ki, bazarların və satıcıların vəziyyəti nə yerdədir”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bazarların özəlləşdirilməsinə müsbət yanaşmaqla yanaşı , bazarların saxlanılmasının əhəmiyyətini də qeyd edib.
“Bazarların sıradan çıxarılmasından söhbət gedə bilməz. Çünki bazarlar kənd təsərrüfatı məhsullarının satışı, fermerlərlə əlaqədar bir qurumdur. İnkişaf etmiş ölkələrin çoxunda belə mallar daha çox supermarketlərdə satılır. Supermarketlərdə kənd təsərrüfatı məhsulları satılır. Həmin yerlərdə hətta ət satışı da təşkil edilir və s. Amma bazarlara gəldikdə, kəndli yığdığı məhsulu birbaşa burada satışa çıxarır. Faktiki olaraq, bu rəqabətdir və rəqabət formasının bir növüdür. İnanmıram ki, bazarlar sıradan çıxsın, ola bilər ki, müəyyən qədər sayı azalsın.

Bazarların özəlləşdirilməsinə mənim münasibətim müsbətdir. Burada qeyri-adi bir şey yoxdur. Dövlət bazara nəzarət etməli deyil. Bazarlar əhali tərəfindən alınıb-verilir, ora müdaxilə etmək düzgün deyil. Düzdür indi müəyyən inhisarçılar bazarları əllərində saxlayırlar, amma belə baxanda bazarlar xüsusi olmalıdır. Çünki bazarların həm təşkilati, həm sanitariya cəhətdən şəraiti olmalıdır”.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən statistikaya görə Azərbaycanda dövlət müəssisələrinin bazasında bazarların özəlləşdirilməsi ilə bağlı 27 səhmdar cəmiyyəti yaradılıb. Və bunların özəlləşdirilməsi həyata keçirilib. Bunlardan 10-u Bakıda, 17-si isə müxtəlif şəhər və rayonlarda yerləşir. 79 bazar isə kiçik müəssisə kimi özəlləşdirilib. Onun 17-si Bakıda, 62-si isə respublikanın digər şəhər və rayonlarındadır. 

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı