Misir Ərəb Respublikasının vəqflər nazirinin müavini Doktor Camal Əbdül Səttar Məhəmmədin Modern.az-a müsahibə verib.
– Misir-Azərbaycan əlaqələrinin hazırkı durumunu necə qiymətləndirirsiniz?
– Bu əlaqələrin çox dərin tarixi var. Bu iki ölkə arasındakı münasibətlərdə hər hansı bir problem olmayıb. Hazırkı dövrdə Misirlə Azərbaycan arasındakı əlaqələr daha geniş olacaq. Bilirsiniz ki, Misirdə yeni iqtidar hakimiyyətə gəlib. Bu hökumətin əsas məqsədi İslam ölkələri ilə əlaqələrini daha da genişləndirmək və daha güclü əlaqələr yaratmaqdır. Çünki Misirdə islamyönlü qüvvələr hakimiyyətə gəliblər.
– Azərbaycanın Qarabağ problemi var, Misir hökumətinin bununla bağlı mövqeyi necədir?
– Biz bilirik ki, Azərbaycanın Dağlıq Qarabağ problemi var. Misir bütün beynəlxalq tədbirlərdə, konfranslarda həmişə Azərbaycanı dəstəkləyib. Ölkəmiz Azərbaycanın haqlı mövqeyini tanıyır. Eyni zamanda BMT-nin də bununla bağlı 4 qətnaməsi var. Biz həmişə bu qətnamələri dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
– Misirdə hakimiyyətə gəlmiş yeni hökumətin bundan sonra Azərbaycanla əlaqələri necə olacaq?
– Yeni hakimiyyətin əsas mövqeyi İslam ölkələri, xüsusilə Azərbaycanla əlaqələri daha da genişləndirməkdir. Bu, təkcə bir nazir müavini kimi öz şəxsi mövqeyim deyil, burada dövlətin mövqeyini bildirirəm. Yəni biz ümid edirik ki, əlaqələrimiz daha geniş və daha ətraflı olacaq.
– Hüsnü Mübarək devrildi, amma ölkənizdəki vəziyyət hələdə gərgin olaraq qalır. Hazırda Misirdəki vəziyyət barədə danışaq?
– Hüsnü Mübarəkin dövründə söz azadlığı, ifadə azadlığı, demokratiya bir o qədər yox idi. Təbii ki, biz buna yen nail olmuşuq və müəyyən problemlər ola bilər. Biz ümidvarıq ki, gələcəkdə əvvəlkindən daha yaxşı bir hakimiyyət formalaşacaq və xalqın özü də bundan razı olacaq. Bu təbii bir haldır ki, xalq ifadə azadlığına, demokratiyaya yeni-yeni qədəm qoyur.
Anar Kəlbiyev