Modern.az

Partiya üzvləri işsizdir, amma üzvlük haqqı ödəyə bilirlər - siyasi qurumlar...

Partiya üzvləri işsizdir, amma üzvlük haqqı ödəyə bilirlər - siyasi qurumlar...

Ölkə

22 Dekabr 2012, 11:04

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti, xüsusən də müxalifyönlü partiyalar dövlət büdcəsindən maliyyələşmədiyi üçün daha çox üzvlük haqqı və ianələr hesabına yaşadıqlarını bildirirlər. Partiyaların üzvlük haqqı partiya üzvünün aylıq gəlirinin 1%-i həcmindədir. Maraqlıdır ki, il ərzində partiyalar üzvlük haqqını yığa biliblərmi? Yığılan məbləğ nə qədər olub?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az-a bildirib ki, AXCP-də üzvlük haqqı toplanmır:
“Müəyyən zəruri xərclər var ki, bu da könüllü ianələr hesabına ödənilir və konkret həmin ianələr hesabına da o problem həll olunur. Bundan əlavə, partiyanın hər hansı bir maliyyə dövriyyəsi və yaxud da maliyyə vəsaiti ilə idarə olunması həyata keçirilmir, çünki belə bir maliyyə imkanları partiyada yoxdur. AXCP-nin üzvləri işləmədiyindən üzvlük haqqı yığılmır. Ona görə də maliyyə vəsaiti ilə bağlı hər hansı problem çıxarsa, həmin problemlər ianələr yığılmaqla həll olunur”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qeyd edib ki, partiyanın əksəriyyəti işsiz olduğuna görə, üzvlük haqqı məsələsində xeyli çətinlikləri var: “Problem Bakıda yaşayanların daha çox ödənişi ilə həll olunur, rayondakılar isə ancaq özlərinin təşkilatının saxlanması üçün müəyyən üzvlük haqqı ilə problemlərini həll edirlər, amma bu məbləğ çox azdır, ona görə də yetərli olmadığına görə də partiyanın ən elementar məsələlərinin həllində çətinlik çəkirik. Problemlər daha çox partiyanın bir neçə üzvünün fədakarlığı nəticəsində yoluna qoyulur. Bu il ərzində toplanan məbləğ yetərli səviyyədə deyil. Olsa-olsa bizdə 1000 manat olar ki, bu da böyük nəticədir”.

Ümid Partiyasının mətbuat məsələləri üzrə sədr müavini Şəbnəm Karslı bildirib ki, partiyada üzvlük haqqı həmişə yığılıb: “Üzvlük haqlarının xərclənməsinə nəzarət-təftiş komissiyaları nəzarət edir. Məbləğ olaraq deyə bilmərəm ki, il ərzində nə qədər vəsait yığılıb. Partiyada könüllülük prinsipi ilə minimum 20 qəpik üzvlük haqqı toplanır. 1 manat, 10 manat da verən var, hər kəsin öz ürəyindən nə keçirsə, maddi imkanları nəyə çatırsa, o qədər də ödəyir. Təbii ki, yığılan məbləğ partiyanın ehtiyaclarını ödəmir”.
Ş. Karslı deyib ki, yığılan məbləğ partiyanın mərkəzi ofisinin saxlanılması, kommunal xərclər, dəftərxana ləvazimatları kimi xərclərə yönəldilir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP ) təşkilat katibi Nazim Ələsgərov: “Bizdə üzvlük haqqı var, amma o cüzi bir rəqəmdir, həm də könüllüdür, əsasən maliyyə problemlərimizi bizi istəyən partiya dostları ianələr şəkilində həll edir. Üzvlük haqqı könüllü və simvolik bir rəqəm olduğu üçün biz onun ardınca düşmürük”.
Bu il nə qədər məbləğin yığılmasına gəlincə, partiya üzvü deyib ki, bu partiya sirri olduğu üçün açıqlaya bilməz: “Bu məbləği açıqlaya bilmərəm, amma partiyanın minimum fəaliyyəti üçün bəs edir”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP ) təşkilat şöbəsinin müdiri Samir Əsədli: “VHP-də üzvlərin üzvlük haqqı məsələsi partiya nizamnaməsi ilə tənzimlənir, üzvlük üzvün aylıq gəlirinin 1%-i həcmindədir. Üzvlərimizin böyük əksəriyyəti işsiz olduqları üçün bu hal məcburi deyil. Rayon təşkilatlarına da bunu məcburi şamil etmirik. Daha çox könüllülük üzərində olur. Təşkilatlarda yığılan üzvlük haqları, ianələr rayon təşkilatlarının maddi ehtiyaclarını az da olsa qarşılayır. Belə ki, hansı təşkilatın ofisi var, icarə haqqı verilir, digərlərində isə texniki xərclərə, yığıncaqların, konfransların təşkili, müxtəlif tədbirlərin həyata keçirilməsi üçün ödənilir. Bir sözlə, partiyada üzvlük haqqı o dərəcədə böyük həcmdə olmur. VHP-nin hazırda daimi büdcəsi yoxdur. Partiyada iş ictimai əsaslarla tənzimlənir”.

Nihadə Eyyubova 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı