Modern.az

Saç tökülməsinin səbəbləri - Kişilərin və qadınların PROBLEMİ

Saç tökülməsinin səbəbləri - Kişilərin və qadınların PROBLEMİ

Ölkə

24 Dekabr 2012, 09:48

Allopesiya başın və gövdənin müəyyən sahələrində tüklərin seyrəkləşməsi və ya tamamilə yoxa çıxması ilə nəticələnən patoloji saç tökülməsidir. Bu xəstəlik insanlara hələ b.e.ə. 400-cü ildən məlum idi. Estetik problem sayılan allopesiya insanları yaradılışdan bəri narahat edib. Gözəl saçlar gözəlliyin və özünə hörmətin bir yoludur. Çünki sizin saçlarınız, onların forması  üzünüz və geyiminizi dəyişdirəcək bir amildir. Hələ qədim Yunanıstanda gur saçlar gücü, gözəlliyi və daxili aləmi ifadə edirdi. Məhz buna görə də yunan allahları Zevs, Yupiter, Apollon həddən artıq gur saçlarla təsvir olunurdu. Bibliyada deyilir ki, David və Samson qüvvətli olmaları və öz gur saçları ilə seçilirdi, Samsonun saçları töküldükdən sonra isə o öz gücünü itirir.

22 min kişi üzərində aparılmış tədqiqatdan alimlər belə nəticəyə gəldilər ki, təpə nahiyəsində allopesiyası olan kişilərdə ÜİX-nin (ürək damarlarının zədələnməsi, stenokardiya, miokard infarktı ) yaranma riski çox yüksəkdir. Allopesiyanın qismən geniş yayılmış aşağıdakı növləri var:

Androgenetik.
Diffuz və ya simptomatik.
Ocaqlı.
Çapıq.
Seboreya mənşəli.

Androgenetik tip allopesiya- Androgenetik tip allopesiyaların ətraflı öyrənilməsi C.B.Hamiltona məxsusdur. Bu tip allopesiya kişilərdə təpə və alın nahiyəsində, qadınlarda isə kəllənin yuxarı mərkəz və bir qədər də yan hissələrində saçların tökülməsi ilə xarakterizə olunur. Həmişə gicgah və ənsə nahiyəsində saçların qalması oradakı tük follikullarının androgenləri tanıyan reseptorlarının olmamasıdır. Kişilərdə saç tökülməsinin 95%-i androgenetik tip allopesiyanın nəticəsidir. Hər 3 kişidən biri bu tip allopesiyadan əziyyət çəkir. Qadınlarda isə bu rəqəm 20-90% arasında dəyişir. Kişilərdə saçların tökülmə dərəcəsi Norvud, qadınlarda isə Lyudviq şkalası ilə ölçülür. Kişi cinsiyyət hormonu testosteron tük follikullarında olan 5-alfa-reduktaza fermentinin təsirindən dihidrotestosterona çevrilərək aktivləşir, follikulları zədələyir və onların distrofiyası baş verir. Tüklər nazilir, 10-12 ildən sonra isə follikulların yerini birləşdirici toxuma tutur və saçlar tamamilə tökülür. Bu 3 səbəbdən baş verə bilər: qanda testosteronun həddən artıq olması, 5-alfa-reduktaza fermentinin aktivliyinin artması, tük follikullarının dihidrotestosterona qarşı həssaslığının artması. Bu tip allopesiyanın yaranmasında irsi faktoru da unutmaq olmaz. 70-75% hallarda ana xətti ilə keçir (atadan qızına, qızdan da oğluna).

Simptomatik tip allopesiya-Bu tip saç tökülməsinə qadınlarda daha çox rast gəlinir. Adından göründüyü kimi başın hər yerində baş verir. Bütövlükdə orqanizmdə olan pozğunluqlarla əlaqədardır. 2 forması var: telogen və anagen. Ən geniş yayılanı telogen formadı. Bu formanın yaranmasının səbəbləri aşağıdakılardır:

Əsəb stressləri
Hormonal pozğunluqlar
Uzun müddət antibiotik, neyroleptik və antidepressantların qəbulu
Cərrahi əməliyyatlar,kəskin infeksion xəstəliklər və ağır xroniki xəstəliklər
Həyati vacib mikroelementləri çatışmayan pəhrizlərin tətbiqi.

Ocaqlı tip allopesiya- başın ( qaş, kirpik, saqqal ) və gövdənin müxtəlif  nahiyələrində, müxtəlif ölçülü və bəzən də bir-biri ilə birləşən ocaqlı saç tökülmələri qeyd olunur. Ocaqlı allopesiya proqressivləşərək total allopesiyaya da keçə bilər. Bədənin bütün nahiyələrində ( qaş, qoltuqaltı və qasıq nahiyələrindən başqa ) bütün tüklərin tökülməsinə isə universal allopesiya deyilir. Bütün növlər arasında ocaqlı tip 0.5-2% təşkil edir. 30% hallarda xəstəlik ya tamamilə dayanır, ya da proqressivləşərək davam edir. Xəstəlik tez inkişaf etsə də öz-özünə sağalır. Ocaqlı allopesiyanın səbəbləri yaxşı öyrənilməmişdir. Səbəb kimi aşağıdakılar göstərilir:

Genetik meyillilik
İmmun sistemin zəifliyi
Stress
Ekololi natarazlıq
Fiziki travmalar
Kəskin xəstəliklər

Çapıq tip allopesiya-Bütün növlər arasında 1-2% təşkil edir. Xəstəliyin əsas səbəbi virus, bakteriya və göbələklərin tük follikullarını zədələyərək onların yerində çapıq toxumasını yaratmasıdır. Əsas səbəbi fiziki travmalar-yaralanmalar, termiki və kimyəvi yanıqlar hesab olunur..

MÜALİCƏ. Allopesiyanın müalicəsində hal-hazırda bir çox üsullar tətbiq olunur  (fizioterapiya, fitoterapiya və xalq təbabəti, medikamentoz və ən nəhayət, cərrahi yolla müalicə). Təbii ki, bir çox üsullar kompleks şəkildə tətbiq olunarsa, əldə olunan nəticə də bir o qədər çox effektli olar. Fizioterapiya üsullarından ən geniş tətbiq olunanları aşağıdakılardır: lazer terapiyası, mikrocərəyan terapiyası, ionoforez, darsonvalizasiya, elektrostimulyasiya, vakuum masajı, krioterapiya (maye azotla masaj). Qeyri-çapıq tip və erkən allopesiyaların müalicəsində  konservativ üsul kimi antiandrogen preparatların baş dərisinə yeridilməsi, dərialtı inyeksiyalar və s. istifadə olunur. Sonuncu radikal müalicə tük follikullarının transplantasiyası hesab olunur. Bu sahədə ilk müəllif C.Diffenbax ( 1822-ci il ) hesab olunur. O, tədqiqatlarını heyvanlar üzərində aparırdı. Ancaq üsulu bir qədər təkmilləşmiş formada 1939-cu ildə yapon hərbi həkimi Okuda işləmiş ( o bu üsulu daha çox termiki yanıqlar almış əsgərlərin üzərində sınaqdan keçirmişdi ), lakin onun ІІ Dünya müharibəsində ölümündən sonra bu unikal texnologiya itmişdir. Sonradan bu üsulun yeni metodikasının kəşfi 1952-ci ildə amerikan cərrahi Norman Orentreyka nəsib oldu. Bu zaman ənsə və gicgah nahiyəsində olan follikullar ( səbəbi artıq məlumdur ) götürülür və başın keçəlləşmiş nahiyələrinə köçürülür. Əvvəllər istifadə olunan qraftların (follikullardan ibarət dəri adacıqları) diametri böyük olduğundan başda “gəlincik effekti” yaranırdı, həm də proses çox ağrılı idi və donor zona çox əziyyət çəkirdi,lakin 1995-ci ildə qəbul olunan “qızıl standarta“ görə üzərində 4 tük follikulundan artıq olmayan mikroqraftlar ( mikroqraftinq üsulu ) tətbiq olunmağa başladı. Hətta bir zamanlar süni saçlar da  əkildi,lakin əlavə təsirləri çox olduğundan bir çox ölkələr üsulun tətbiqinə qadağa qoydu (məs. ABŞ).

Bəzən müalicədən əldə olunan nəticə elə də ürəkaçan olmur. Buna görə də hal-hazırda daha perspektivli üsullar işlənib hazırlanır. Məsələn, bunlardan birincisi, androgendən asılı olmayan sahələrdən götürülmüş follikulların klonlaşdırılması və xüsusi metodla tüksüz nahiyələrə köçürülməsi,ikincisi isə dərinin zədələnmiş nahiyələrində Wnt zülalının istehsalının təmin edilməsi. Belə ki, dərinin tüklü nahiyələrində yaraların sağalması zamanı bu Wnt adlı zülal aktivləşərək, yeni tük follikullarının yaranmasına səbəb olur. Lakin bugün allopesiyanın müalicəsində hormonal preparatlar daha çox tətbiq olunur. Allopesiyanın yüngül formalarının müalicəsində fitoterapiya və xalq təbabəti üsullarını xüsusilə vurğulamaq istərdik. Onu da qeyd edək ki, fitoterapiya və xalq təbabəti üsulları kifayət qədər yaxşı nəticə əldə etməyə imkan verir.

Bəzi  fitoterapiya  üsulları 

1.Hər birindən 20 qr olmaqla kəklikotu, söyüd ağacının qabığı və at pıtrağının qabığı götürülür, xırdalanır və qarışdırılır. 4 xörək qaşığı qarışığın üzərinə 1 litr su əlavə edilir və 15 dəqiqə qaynadılıb süzülür. Alınan maye həftədə 2dəfə başa sürtülür.

2.Hər birindən 1 xörək qaşığı olmaqla kəcəvər kökü və at pıtrağı kökü, 4 xörək qaşığı isə mayasarmaşığı qozası götürülür. Qarışığın üzərinə 1 litr su əlavə olunub qaynadılır. 30 dəqiqədən sonra alınan qarışıqla baş 2 gündən bir yuyulur.

3.Hər birindən 2 xörək qaşığı olmaqla söyüd qabığı və at pıtrağı qabığı götürülür. 1 litr isti su əlavə edilərək 8-10 dəqiqə qaynadılır, sonra isə 30 dəqiqə müddətinə dəmə qoyulur. Soyudulduqdan sonra alınmış maye ilə baş 2 gündən bir yuyulur.

4.Az bir miqdar suda xırdalanmış at pıtrağı yarpaqları və qabığı qaynadılır. Sonra isə üzərinə kərə yağı əlavə olunaraq qarışdırılır. Alınmış həlməşik kütlə saçların dibinə sürtülür.

Bəzi  xalq  təbabəti  üsulları 

1.1 litr su 40 - 50°S-yədək qızdırılır. Üzərinə 2 xörək qaşığı bal əlavə olunub qarışdırılır. Həftədə 2 dəfə saçların dibinə yaxılır.1 xörək qaşığı mayonez və hərəsindən 1 çay qaşığı olmaqla gənəgərçək yağı və bal götürülüb qarışdırılır. Saçların üzərinə və dibinə yaxılıb yaylıqla bağlanır, 30-40 dəqiqə saxlanılır. Bundan sonra saçlar yuyulur.

2.Yarım stəkan palıd qabığı və eyni miqdarda soğan qabığı qarışdırılaraq üzərinə qaynar su əlavə edilib qızdırılır. Otaq temperaturunadək soyudulub saçlar bu maye ilə isladılır və qalın yaylıqla bağlanılır. 2 saatdan sonra açılıb saçlar qurudulur.

3.Tibet həkimləri kəsilmiş baş soğanı başın tüksüz nahiyələrinə sürtməyi tövsiyə edirlər.

AZƏR Salehli,
Azərbaycan Tibb Universitetinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı