“Teatrda monopoliya mümkün deyil. Kim uğurlu pyes yazırsa, o da tamaşaya qoyulur”. Bu sözləri Modern.az-a açıqlamasında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov “Azdrama”nın keçmiş direktoru, əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü Maqbet Bünyatovun bu gün teatrların dramaturgiya baxımından monopoliyada olması fikrinə münasibət bildirərkən deyib. İ.İsrafilov bildirib ki, mütəxəssisin fikri həmişə maraqlıdır.
“Amma Maqbet Bünyatov mütəxəssis, teatrşünas, rejissor, aktyor, teatr sosiologiyası ilə məşğul olan mütəxəssis deyil. O hazırda təqaüddədir və onun fikri tamaşaçı kimi fikri ola bilər və bu fikrə də hörmətlə yanaşmaq lazımdır. Uzun illərdir teatrda işləyib, idarəsində söz sahibi olub. İndi nəyisə bəyənib bəyənməmək onun şəxsi işidir. Bunu ictimai fikir, ictimai rəy kimi bildirmək dürüst mövqe deyil”.
İsrafil İsrafilov qeyd edib ki, bu gün teatrda həm klassiklərin, həm də müasirlərin - Elçin, Əli Əmirli, Kamal Abdullanın əsərləri tamaşaya qoyulur.
Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov bu gün repertuar seçimində azad olduğunu vurğulayıb.
“Hər bir teatrın Bədii Şurası fəaliyyət göstərir. Burada gələn il üçün teatrın hazırlayacağı əsərlər oxunur, müzakirə olunur və təsdiq olunursa növbəti il üçün hazırlanır. Öz teatrımızda hələ yadıma gəlmir ki, hardansa kənardan təzyiq olsun ki, “bu əsəri yox, o biri əsəri tamaşaya qoymalısınız. Teatrlar repertuar seçimində azaddırlar”.
Tamaşalarda əsasən klassik əsərlərin tamaşaya qoyulduğunu deyən M. Həmidov bildirib ki, müasirlərdən Əli Əmirlinin əsərləri daha çox oynanılır. “Ümumiyyətlə bu gün teatrların məhvə getməsini görmürəm və bu fikirdə deyiləm”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının keçmiş direktoru, əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü Maqbet Bünyatovun bu gün teatrların dramaturgiya baxımından monopoliyada olması və bu halın Azərbaycan teatrını məhv etdiyini, cılızlaşdırdığını bildirmişdi.
Aytən Əliyeva