
Azərbaycan müxalifətinin liderləri heç vaxt vahid mövqedən çıxış edə bilməyiblər. Xüsusilə də AMİP lideri Etibar Məmmədovla Müsavat başqanı İsa Qəmbər... Onlar hətta vaxtilə Azərbaycan Xalq Cəbhəsində belə, ayrı-ayrı fraksiyalara rəhbərlik ediblər.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkildə Etibar Məmmədovla İsa Qəmbər toyda yanaşı oturublar, amma onlar siyasətdə heç vaxt yanaşı ola bilmədilər... Hətta Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy də bu iki tələbəsini siyasətdə bir araya gətirə bilmədi...
Tarix 1999-cu il... Məkan mərhum eks-prezident Əbülfəz Elçibəyin qızı Çilənayın toyu...
Çilənay xanım Bütöv Azərbaycan Birliyinin Gənclər Təşkilatının sədri Aqil Səmədbəyli ilə ömür yolunu birləşdirir. Elçibəy Azərbaycanın köhnə el adətinə sadiq qalaraq, qız atası kimi Çilənay xanımın toyunda iştirak etmir.
Azərbaycanın müxalif siyasi elitası tam tərkibdə toyda iştirak edir. İsa Qəmbər, Etibar Məmmədov, Əşrəf Mehdiyev, İlyas İsmayılov...
Qonaqların yerini şəxsən Bəy özü müəyyənləşdirib. Elçibəyin tövsiyəsi ilə Müsavat başqanı İsa Qəmbərlə AMİP sədri Etibar Məmmədova toyda yanaşı yer ayrılıb. Müsavat başqanı və AMİP sədri öz müəllimlərinin məsləhətinə qulaq asaraq, yanaşı oturublar. Toy çoxdan başlasa da, hər iki liderin gərgin olduğu açıq-aşkar sezilir. Elçibəy keçmiş tələbələrini qızının toyunda bir araya gətirsə də, onları siyasətdə müttəfiqə çevirə bilmədi...
Modern.az