Təhsil Nazirliyinin rəsmisi isə bunu xüsusi təhlükəli səhv hesab etmir
Uşaqlarda vətənpərvərlik duyğuları öncə nağıllar, orta məktəbdə hekayələr, tarixi hadisələr və torpaq uğrunda canından keçən Milli qəhrəmanlar haqqında yazılarla aşkarlanır. Lakin bir çox hallarda bununla bağlı ciddi səhvlərə yol verilir. Necə ki, Azərbaycanın orta məktəblərinin 4-cü sinfində tədris olunan dərslikdə ciddi səhv buraxılıb.
Modern.az saytının xəbərinə görə, hazırda ümumtəhsil məktəblərinin 4-cü sinif şagirdlərinə tədris olunan “Həyat bilgisi” dərsliyinin “Fədakarlıq” adlı mövzusunda milli qəhrəmanların sayı ilə bağlı yanlışlığa yol verilib. Qeyd edək ki, ölkəmizdə milli qəhrəmanların sayı 211 nəfər olsa da, sözügedən dərslikdə 216 nəfər göstərilir. Eyni zamanda həmin mövzuda “Milli Qəhrəman” ifadəsi bəzi cümlələrdə kiçik, bəzi yerlərdə isə böyük hərflə yazılıb.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Modern.az-a açıqlamasında bildirib ki, əgər qeyd edilən dərslikdə səhvlər varsa, bunu nəşriyyatın və müəlliflərin nəzərinə çatdıracaq.
“Dəqiqləşdirmələr apararıq. Bu il müəyyən faizlə dərsliklər yenidən çap olunacaq o zaman bu səhv düzəldilər. Təbii ki, dərsliklərdə hər hansı səhvin getməsi arzuolunmazdır. Rəqəmi dəqiq bilmədiyim üçün deyə bilməyəcəm səhvdir, ya yox. Bu məsələ araşdırılmalıdır. Hesab etmirəm ki, bu, xüsusi təhlükəli səhvdir, amma əldə konkret rəqəm varsa, niyə səhv getməlidir?!”.
4-cü sinfin “Həyat bilgisi” dərsliyinin müəllifləri Gülər Mehdiyeva, Bahar Kərimovadır. Belə məlum olur ki, bu müəlliflər Azərbaycanın Milli qəhrəmanlarının sayı barədə dəqiq bilgiyə sahib deyillər. Onların özləri ilə əlaqə saxlaya bilmədik.
Dərslik Təhsil Nazirliyinin 17.06.2011-ci il tarixli 1133 saylı əmri ilə təsdiq edilib.

Aytən Əliyeva