Modern.az

Köhnə nağıllara inanmayan yeni azərbaycanlılar

Köhnə nağıllara inanmayan yeni azərbaycanlılar

Ölkə

1 Yanvar 2013, 21:39

Yaşadığım qəsəbədə fəaliyyət göstərən yeganə mağaza ağzına kimi adamla dolu olduğu üçün bazarlıq etmək istəyən müştərilərin bəziləri bayırda öz növbələrini gözləyirdilər. Valideynlərinin ətəyindən yapışmış uşaqlar onları içəri dartmaq istəsələr də, bir-birinin hüququna hörmətlə yanaşan qonşular balacaların “təxribatına” uymurdular.

Növbə mənə çatanda satıcı qadınla qarmonçalan Ədil mübahisə edirdi. Ədilin yenə nisyə mal almaq istəməsi Sayad arvadı hövsələdən çıxarmışdı. Ədil isə dil-dil ötüb, özünə bəraət qazandırmağa çalışırdı: “Ay bacı, özün bilirsən ki, iki aydır biz işləmirik. Məhərrəmlik qurtaran kimi sənin borcunu son qəpiyinə kimi ödəyəcəm”.

Qarmonçalanın dediyi bu sözlər satıcını bir qədər də qəzəbləndirdi. O, həmişə əlinin altında saxladığı qalın dəftəri vərəqləyib, şəhadət barmağını Ədilin adının üstünə qoydu: “A kişi, keçən Yeni il gecəsi aldığın malın pulunu hələ verməmisən. Heç olmasa, ildə bir dəfə borcunu ödə”.

Sayad arvadın yumşaldığını hiss edən qonşum bir təhər onu yola gətirə bildi. O, bir ədəd buzlu toyuq, 10 yumurta, iki ədəd ucuz şirə, xiyar turşusu, çörək və Bakı arağı alılb, adını nisyə dəftərinə yazdırandan sonra şad-xürrəm evinin yolunu tutdu.

Növbə mənə çatanda Səlminaz arvadın tələsdiyini hiss edib, bir qədər yana çəkildim. Arvad mənə dil-ağız edəndən sonra əlindəki bir parça kağızı satıcıya uzatdı: “A Sayad, bizim gəlinin xəttini oxuya bilirsən?”

Satıcı gözünün ucu ilə kağıza nəzər salıb, dodağının altında mızıldandı: “Sənə diplom verənin...”.

Satıcı Səlminaz arvadın gəlininin sifariş etdiyi malları səliqə ilə iki sellofan torbaya yığıb, ağzını bağlayandan sonra üzünü ona çevirdi: “36 manat 40 qəpik verəcəksən”.

Səlminaz arvadın cavabı belə oldu: “Mürsəlin adını yaz, maaşını alanda verəcək”.

Satıcı qonşusuna xəbərdarlıq etməyi də unutmadı: “Əvvəldən 16 manat da borcunuz var”.

Səlminaz arvad halını pozmadı: “Bilirəm, imam ehsanı verəndə yağ götürmüşdük. Pensiyamı alanda yağın pulunu özüm verəcəm”.

Bayaqdan bəri bu iki qadının söhbətinə qulaq asan Səməndər kişi öz-özünə deyindi: “Harda görünüb ki, borc alıb, imam ehsanı verəsən. Bu camaat ağıllanmadı də...”.

Səlminaz arvad Səməndər kişinin sözlərini eşitsə də, ona əhəmiyyət vermədi.

Hava qaralmağa başladığı üçün bayırda gözləyən müştərilər də içəri keçmişdilər. Mağazada ağız deyəni qulaq eşitmirdi. Küncdəki televizorun səsi müştərilərin səsinə qarışmışdı. Gözucu ekrana nəzər saldım. Özəl telekanalların birində deputat Mübariz Qurbanlı Azərbaycanda analoqu olmayan iqtisadi inkişafdan, yüksək maaş və  pensiyanın verilməsindən bəhs edirdi. Qonşuların hövsələsiz adm kimi tanıdığı Səttar kişi təxminən özü ilə həmyaşıd olan satıcının üstünə qışqırdı: “A qız, o televizorun səsini kəs!”.

Sayad arvad əlindəki borc dəftərini piştaxtanın üstünə atıb, qonşusu ilə zarafatlaşmağa başladı: “A kişi, özünü hökumət adamı kimi apar. Belə sözlər bir YAP-çıya yaraşmaz”.

Səttar dayı satıcının sözlərindəki ironiyanı tuta bilmədi: “A Sayad, mən Yeni Azərbaycan Partiyasının üzvü olsam da, özüm köhnə kişilərdənəm. Mənim kimi adamları belə nağıllarla aldatmaz olmaz”.

Yeni ilin gəlişinə bir neçə saat qalmış bu sözləri eşitməyim məni çox sevindirdi. Ən çox ona sevindim ki, 2013-cü ildə hətta YAP-çıları da köhnə nağıllarla yuxuya verə bilməyəcəklər...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland