Modern.az

İctimai Palata üçün “Domokl qılıncı” - TƏHLİL

İctimai Palata üçün “Domokl qılıncı” - TƏHLİL

Ölkə

7 Yanvar 2013, 13:03

İsa Qəmbər “seçki” qərarı ilə bütün siyasi məsuliyyəti öz üzərinə götürdüyü barədə mesaj verib

Musavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi ölkə siyasi mühitində ciddi rezonans yaradıb. Ötən ilin sonlarına qədər İctimai Palatada “vahid namizəd” formulu ətrafında aparılan qəzəbli diskussiyalar bu düşərgənin protest elektoratında xoş illüziyalar yaradırdı. “Bir bayraq altında” yığışmaq tələbi irəli sürən müxalifətin elektoratı qələbə formulunu bir namizəddə görürdü. Bəs bundan sonrakı proseslərdə hansı dəyişikliklər mümkündür?

İsa Qəmbərin “qızıl imkanı”...

Müsavat Partiyası öz namizədini irəli sürməklə seçki ilində siaysi arenada münasibətlərin yalnız onunla çözülə biləcəyi barədə iqtidara mesaj göndərdi. Yəni, İsa Qəmbər faktik olaraq 2013-cü il seçkilərinin bütün siyasi məsuliyyətini öz üzərinə götürməklə “oyunun” məhz onunla aparılmasını tələb edir. Son illərdə xeyli daralmış müxalifət düşərgəsi nüfuzlu siyasi rəhbərlərini bir-birinin ardınca itirib. Artıq meydanda Etibar Məmmədov, Rəsul Quliyev, Lalə Şövkət, Əbülfəz Elçibəy yoxdur. İndi bütün müxalifət düşərgəsinin uğuru, məsuliyyəti iki partiyanın – Müsavatla AXCP-nin üzərinə yüklənib.

Odur ki, İsa Qəmbər üçün artıq 10 il əvvəl olduğu kimi, seçki ərəfəsində nüfuzlu siyasi liderlərlə günlərlə davam edən müzakirələr aparmağa hacət qalmayıb. Meydan indi boşdur: Müsavat başqanı da bu “qızıl imkanı” əldən vermək istəmir. Çünki seçkilərdən əvvəl və sonrakı proseslərdə favorit kimi əsas lider obrazında çıxış etmək şansı yaranıb.    

AXCP “təzə xanə”dən başlayacaqmı?

Seçkilərdə iştirak qərarını verən İsa Qəmbər faktik olaraq AXCP sədrinə şans qoymayıb. İndi ya İsa Qəmbəri dəstəkləmək lazım gələcək, ya da “təzə xanə”dən oynamaq...
AXCP üçün İctimai Palatanın dağılması ən arzuolunmaz haldır. Görünür Əli Kərimli İsa Qəmbəri təbrik etməklə daha çox seçki marafonunun İP-ə doğru mümkün zərbəsinin qarşısını almağı düşünüb. İndi İctimai Palata münasibətlərin öyrənilməsi üçün “menzurka”ya çevrilib. Müsavat Partiyasının bu qərarı İctimai Palata daxilində necə əks-səda verəcək? Bu, hələ məlum deyil. İctimai cəhətdən fəal olan ayrı-ayrı fərdlərin toplaşdığı İP-in seki marafonunda hansı rolu oynayacağı isə qarşıdakı aylarda bilincək.  

Beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərlə bağlı mövqeyi isə daha çox geopolitik maraqlardan asılı vəziyyətdədir. Qərbin “demokratik seçkilər” çağırşı indi daha çox hazırkı iqtidarı “islahatlara çağırış” fonunda səslənir. İndiki halda bir şey dəqiqdir: həm müxalifət, həm də iqtidar 2013-cü il seçkilərinə özlərinin bütün resurslarını cəlb etməklə hazırlaşır.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı