Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvarında keçiriləcək qış sessiyasında Azərbaycanla bağlı iki məsələ qaldırılacaq. Bu barədə Modern.az-a millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa məlumat verib. Deputat bildirib ki, azərbaycanlı millət vəkilləri AŞPA-nın toplantısında Azərbaycan üzrə məruzəçi Kristof Ştrasserə qərəzli mövqe göstərdiyi təqdirdə lazımı cavab verəcəklər.
“Toplantıda Azərbaycanla bağlı iki məsələ qaldırılacaq. İlk növbədə Monitorinq qrupunun Azərbaycanla bağlı məruzəsi dinləniləcək. Məruzədə Azərbaycanda aparılan monitorinqin nəticələri öz əksini tapacaq. İkinci isə Ştrasserin siyasi məhbuslarla bağlı məsələsi müzakirəyə çıxarılacaq. Bu məsələlər ətrafında da bizim millət vəkilləri öz fikirlərini bildirəcəklər.
Bildiyimiz kimi Ştrasserin təqdim etdiyi siyahıdakı 14 nəfər əfv fərmanı ilə azadlığıa buraxıldı. Bir sıra məsələlər var ki, öz həllini tapıb. Sadəcə Strasserin qaldırdığı məsələsədə qərəzli məqamlar olarsa biz adekvat cavab verəcəyik. Çünki bir çox hallarda məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Biz AŞPA-nın toplantısında çalışacağıq ki, obyektiv yanaşma olsun. Söhbət Azərbaycanda hakimiyyətdən, müxalifətdən, həbsə olan siyasi məhbusdan getmir. Müəyyən məqamlarda iradlar varsa bunu obyektiv şəkildə müzakirə edə bilərik”, - deyə F.Mustafa bildirib.
Qeyd edək ki, AŞPA-nın qış sessiyası yanvarın 21-25-də Strasburqda keçiriləcək.
Anar RÜSTƏMOV