Modern.az

“Nə, İqtisad Universitetində rüşvət var? Bunu sizə kim deyir?” – Ali məktəb rəsmisi rüşvət iddialarını təkzib etdi

“Nə, İqtisad Universitetində rüşvət var? Bunu sizə kim deyir?” – Ali məktəb rəsmisi rüşvət iddialarını təkzib etdi

Ölkə

8 Yanvar 2013, 08:22


Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) barədə bir-birindən ilginc iddialar yayılır. Modern.az-ın məlumatına görə, universitetin Dağıstan filialından köçürülən tələbələrlə, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ( TQDK) vasitəsilə qəbul olunan tələbələr sessiya imtahanlarını fərqli qaydada verirlər. Belə ki, imtahanların kompüterlə verilməsi Dağıstan filialından köçürülən tələbələrə aid olunmur. Maraqlıdır ki, tələbələr arasında qoyulan bu fərq nədən irəli gəlir?

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəfər Bayramov Modern.az-a açıqlamasında bildirib ki, yayılan bu söz-söhbət heç bir fakta əsaslanmır. “Bizim universitet də digər universitetlər kimi Boloniya sisteminə qoşulub. Bütün kurslar, fakültələr üzrə tələbələr eyni qayda əsasında imtahanlarını verirlər, burada heç bir ayrı-seçkilik ola bilməz”.

ADİU-dan qovulan müəllimlər barəsində ətraflı məlumat almaq, onların ad, soyadlarını öyrənmək istəsək də, şöbə rəhbəri Zəfər Bayramov bu faktdan məlumatsız olduğunu deyib, bizi kadrlar şöbəsinə yönəltdi. Kadrlar şöbəsindən isə bildirdilər ki, məlumatı yalnız Zəfər Bayramov verə bilər.

Qeyd edək ki, bir müddət əvvəl universitet rektoru Şəmsəddin Hacıyev Modern.az-a müsahibəsində universitetdə yaşanan neqativ hallarla bağlı 12 müəllimin işdən azad olunduğunu demişdi.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Z.Bayramov ali təhsil ocağında ixtisas bölgüsü zamanı tələbədən tələb olunan rüşvət iddiasına da aydınlıq gətirib: “Bunu sizə kim deyir? Bu qeyri-ciddi bir mənbədir, mən də çox şey deyə bilərəm. Bu ya qərəzli münasibətdən, ya da başqa bir amildən irəli gəlir. Bizdə üçüncü kursun ikinci yarısından başlayaraq, ixtisas seçimi olur. Tələbə könüllü surətdə ərizəsini verir və bölgü də həmin ərizəyə əsasən, aparılır. İndi ola bilər ki, kimsə bizdən inciyib, incikliyini də şayiə formasında sizə çatdırır. Bu faktlar ümumiyyətlə, reallıqdan uzaqdır”.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı