Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan gənclər qurumları öz sıralarını necə genişləndirirlər? Hansı ideyalar insanları bu təşkilatlar ətrafında birləşdirir?
Modern.az partiyaların gənclər təşkilatlarından bu suallara cavab istəyib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucovun cavabı belə olub: “Bizim partiyaya dövlətin, cənab prezidentin ölkədə apardığı uğurlu iqtisadi siyasətin nəticələrinə görə axın daha çoxdur. Qeyd edim ki, parlamentdə YAP-dan 70-dən yuxarı deputat təmsil olunur. Ölkədəki ziyalıların, savadlı gəncliyin çoxu YAP Gənclər Birliyindədir. Vaxtilə bizdə təmsil olunan şəxslərdən bəziləri indi daha da yaxşı vəzifədədir. Bunlar hamısı müsbət göstəricidir. Biz çox gənci seçirik, yoxlayırıq. Qabiliyyəti, savadı olan gənclər aktiv surətdə öz sıralarımıza cəlb edirik. Könüllük prinsipi də əsas götürülür”.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının fikrincə, gəncləri öz sıralarına cəlb etmək üçün hər hansı tələb lazım deyil.
“Azərbaycanda bu gün elə bir vəziyyət yaranıb ki, ideologiya arxa plandadır. Çünki əhalinin böyük əksəriyyəti sosial problemlərin məngənəsində boğulur. Gənclik və ümumilikdə cəmiyyət əsas fikirlərini öz yaşam tərzinin yaxşılaşdırılmasına yönəldir. Bütün bunlara baxmayaraq, bu gün gənclər təşkilatına axın var. Çünki Azərbaycanda bütün ideologiyaların çoxu müsavatçılığa əsaslanır. Bu, yüzillik bir ideologiyadır. Eyni zamanda 2013-cü il prezident seçkisində dəyişikliklər real görünür. Hesab edirəm ki, bu situasiya bizim təşkilatın, ümumiyyətlə müxalifətin sıralarını genişləndirəcək. Amma bu axının dəyişikliklərə ciddi təsir edəcək qədər güclü olacağı haqda bir şey demək tezdir. Bunu zaman göstərəcək. Mən düşünürəm ki, gənclərin siyasi arenada iştirak etmələri üçün xüsusi şərtlərə ehtiyac yoxdur. İctimai-siyasi proseslərə zamanın tələbi ilə qoşulurlar. Bizim gənclər təşkilatı bəlli bir kontingentə malikdir. Kütləvilik baxımından ən böyük təşkilatlardan biri də Müsavat Gənclər Təşkilatıdır. Tələbələr, müsavatçıların övladları təşkilatımıza üzv olurlar. Düzdür, ezvlərimizdən bəziləri bizdən ayrılıb və hazırda xaricdə mühacirət həyatı yaşayırlar. Eyni zamanda işə girənlər də olur və onların siyasi fəaliyyəti məhdudlaşır”.
Ümid Partiyası sədrinin gənclər işi üzrə müavini Ruslan İzzətli vurğuladı ki, onlar ideologiyaya üstünlük vermirlər. “Biz yeganə partiyayıq ki, heç bir ideologiyaya üstünlük vermirik. Bizim məqsədimiz siyasi baxışından, əqidəsindən, dinə münasibətindən asılı olmayaraq hər bir kəsi bir çətir altına yığmaqdır. Bu baxımdan sadaladığım səbəblərə görə kiməsə fərq qoymuruq. İdeoloji dava aparan, “sən mənim partiyamdan deyilsənsə məndən deyilsən, mənə düşmənsən” şüarından əziyyət çəkən minlərlə gənc üçün bizim çağırışımız daha məqsədəuyğundur. Bizim təşkilatda liberal, sol görüşlü, eyni zamanda millətçi gənclər də var. Bununla yanaşı, gənclərlə tez-tez görüş keçiririk”.
VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı qeyd etdi ki, sosial şəbəkələr vasitəsilə gənclərdə maraq oyadaraq təşkilatlarına axını sürətləndirirlər.
“Ötən il ərzində bizim partiyanın gənclər təşkilatı müxalif cəbhədə fəal təşkilatlardan biri oldu. Aksiyalarda fəal iştirak elədik. Bütün bunların sosial şəbəkələrdə yayılması gənclərdə maraq oyatdı və yeni üzvlərin gəlməsinə səbəb oldu. Şəxsi tanışlıqlar əsasında da biz buna nail olduq. Ötən il ərzində partiyaya qoşulan gənclərin sayı əvvəlki illərə nisbətən çox oldu. Gənclərin əksəriyyəti tələbələrdir, ötən ildə xanımlar çoxluq təşkil edirdi. Ümumiyyətlə bu gün partiyalara yeni-yeni insanların cəlb olunmasında, partiyanın gördüyü işlərin reklam olunmasında, daha çox yayılmasında sosial şəbəkələrin rolu danılmazdır. Biz də sıralarımıza yeni üzvləri qoşmaq üçün sosial şəbəkələrdə aktiv fəaliyyət göstəririk”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri Ramin Hacılı: “Biz daha çox liberal dəyərlərlə gəncləri cəlb edirik. Demokratik, liberal yönümdə təbliğatımız olur. Biz konkret olaraq ideologiyası olan bir partiyayıq. Fəaliyyətimizi də buna uyğun qururuq”
Klassik Xalq Cəbhəsi Partiyasının Gənclər msələləri üzrə müşaviri Sərxan Carçı: “Mən 3 aydır bu vəzifədəyəm. Biz əsasən müxtəlif mövzularda bitərəf gənclərin iştirakı ilə toplantılar keçiririk. Burada əsas məqsəd onlarda maraq oyatmaqdır. Bunların içində bizə üzv olanlar da var. Rayonlarda, əsasən Qazaxda sıralarımıza daxil olanlar çoxalır”.
Aqşin Kərimov