Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Modern.az-a müsahibəsində Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işini təəssüf hissi doğuran amil kimi qiymətləndirib:
“Əbülfəz Elçibəy mənim üçün çox mühüm bir şəxsiyyətdir. Onun adını belə məsələlərdə hallandırmaq mənə çox mənfi təsir edir. Bu işin heç bir perspektivi yoxdur. Əbülfəz bəyin nədən vəfat etdiyini, xəstəliyini yaxşı bilirəm, ona görə də zəhərlənməyə inanmıram. İstəməzdim ki, kimsə siyasi məqsədlərlə Elçibəyin adından istifadə etsin”.
Deputat deyib ki, son vaxtlar mediada bəzi yazılar dərc olunur ki, burada da biri Əbülfəz bəyi bir şeyə görə, o biri başqa şeyə görə tənqid edir.
”Çox vaxt özünü cəmiyyətə təqdim etmək üçün təəssüf ki, bu bir üsula çevrilib. Son zamanlar elə bir hal yaranıb ki, hansısa bir yazıçı cəmiyyətə özünü tanıtmaq üçün Anarı söyməklə məşğul olur, kimsə siyasətə gəlmək üçün Əbülfəz bəyi özünə hədəf seçir. Mən bu məsələlərə mənfi yanaşıram”.
Modern.az