Baş Prokurorludan verilən son açıqlamada Türkiyə Respublikası vətəndaşı Səlcuk Ağlayanın adı hallanır. Gülər Əhmədovanın tanışı olan bu şəxs İstanbul şəhərində Sevinc Babayevanı qarşılayaraq özünün adına “Bəynova” otelində nömrə götürüb. Modern.az-ın türkiyəli vətəndaşın istintaqa cəlb olunma mexanizmi ilə bağlı sualına cavab verərkən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Səlcuk Ağlayan şahid qismində istintaqa cəlb oluna bilər.
“Şahid qismində dindirmə prosesi olacaq. Azərbaycanla Türkiyə arasında hüquqi yardım haqqında müqavilə var. Bu müqavilənin şərtlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları həmin şəxsi dindirə bilər, lazım olan məlumatları təbii ki, Baş Prokurorluğa təqdim edə bilərlər. Bundan başqa, müvafiq qurumlar oraya gedib dindirmə proseslərini həyata keçirə bilərlər. Səlcuq Ağlayanı şahid qismində dindirəcəklər. Prosesin sonrakı gedişində necə olacaq, nə olacaq bəribaşdan hər hansı bir fikir söyləmək çətindir. Əgər onun tərkibində hər hansı bir cinayət əməlləri olsa, o zaman Türkiyənin hüquq-mühafizə orqanları bunu hüquqi qiymətləndirəcəklər. Azərbaycan da öz hüquqi qiymətini verə bilər, amma bir qayda olaraq hər bir ölkə öz vətəndaşına münasibətdə özü müvafiq tədbirlər görə bilər. Onun əməllərində cinayət işi aşkar olunduqca, onun barəsində cinayət işi açıla bilər”, – deyə Ə.Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, əgər S.Ağlayan Azərbaycana gələrsə, Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində qaldırılmış cinayət işinə uyğun olaraq, hüquqi qiymətləndirməni həyata keçirəcəklər.
“Nə qədər ki, o Türkiyə vətəndaşıdır, bütün bu məsələlərin ilkin qiymətləndirmə prosesi Türkiyə tərəfindən həyata keçiriləcək. Oxuduğum məlumatlara görə, həmin şəxs Türkiyədə Sevinc Babayevanı qarşılayıb və xəstəxanada yerləşdirib. Burada onun fəaliyyətində hər hansı bir cinayət tərkibi görmürəm. Bu istintaq orqanlarının işidir. Hələ əvvəl Sevinc Babayevanın ölümü araşdırılsın. Türkiyə tərəfi də bununla bağlı rəy hazırlayıb. İndi görək nə bildiriləcək, nə olacaq. Nəyin nəticəsində bu ürək çatışmazlığı olub? Bu məsələləri məhkəmə tibb ekspertizasının rəyindən sonra qiymətləndirmək olar”.
Eyni zamanda Ə.Nuriyev hüquqşünasın və eləcə də KİV nümayəndələrinin hər hansı şəxsin cinayət edib-etməməsi barədə hüquq-mühafizə orqanlarının qiymətləndirməsindən əvvəl qiymət verməsinin doğru olmadığını söyləyib.
Sevinc İltifatqızı