Yanvarın 13-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov növbəti ad gününü qeyd edib. Modern.az saytının məlumatına görə, Zakir Qaralovun 57 yaşı tamam olub.
Z.Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşen kəndində anadan olub.
1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.
25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.
Modern.az saytının araşdırması zamanı məlum olub ki, Zakir Qaralov Baş prokuror kimi Azərbaycan tarixində rekorda imza atıb. Belə ki, o, indiyədək Azərbaycanın Baş prokuroru olmuş hüquqşünaslar arasında eyni vəzifədə ən uzun müddət işləyən şəxs kimi tarixə düşüb. 13 yanvarda 57 yaşını qeyd edən Zakir Qaralov düz 13 ildir Baş prokuror vəzifəsini tutur. Bu il aprelin 25-də cənab Qaralov Baş prokuror vəzifəsində 14-cü ilinə qədəm qoyacaq.
Tarixə nəzərə salsaq, görərik ki, Azərbaycanda Zakir Qaralova qədər Baş prokuror vəzifəsini tutan hüquqşünaslar bu postda ondan az çalışıblar.
Azərbaycanın Baş prokurorları – 1918 – 2013-cü illər:
Xəlil bəy Xasməmmədov - 1 ay;
Fətəli xan Xoyski – 6 ay;
Teymur bəy Makinski – 3 ay;
Aslan bəy Səfikürdski – 9 ay;
Xəlil bəy Xasməmmədov – 3 ay;
Əliheydər Qarayev – 1 il;
İvanov – 1 il;
Bahadır Vəlibəyov – 2 il;
Böyükağa Talıblı – 4 il;
Hüsü Hacıyev – 1 il;
Böyükağa Talıblı – 1 il;
Ayna Sultanova – 1 il;
Yaqub Məmmədov – 1 il;
Bahadır Vəlibəyov – 7 il;
Ağahüseyn Əlihüseyinov – 3 il;
Cəbrayıl Cəbrayılzadə – 2 il;
Xəlil Əfəndiyev – 5 il;
Əliabbas Əliyev – 3 il;
Hacı Rəhimov – 3 il;
Adil Babayev – 3 il;
Seyfulla Əkbərov – 12 il;
Qambay Məmmədov – 12,6 il;
Abbas Zamanov – 9 il;
İlyas İsmayılov – 5 il;
İsmət Qayıbov – 1 il 5 ay;
Murad Babayev – 1 il;
İxtiyar Şirinov – 1 il;
Əli Ömərov – 1 il;
Eldar Həsənov – 5 il;
Zakir Qaralov - 13 il…
A.Qorxmaz