
Neftçilər Xəstəxanasının cərrahı: “Azərbaycanda 81 insana qaraciyər və böyrək köçürmüşük”
Deputat Qənirə Paşayevanın özünün bədən orqanlarının bağışlanmasına razılıq verməsi və bununla bağlı vəsiyyətnamə yazması son günlər orqan transplantasiyası məsələsini yenidən gündəmə gətirib. Bir qədər baha və eyni zamanda ölkəmizdə bu sahənin yeni olması səbəbindən xəstələr orqan transplantasiyası üçün daha çox xaricə üz tuturlar.
Ümumiyyətlə, orqan transplantasiyasında Azərbaycanda son vəziyyət nə yerdədir?
Modern.az əməkdaşının suallarını Mərkəzi Neftçilər Xəstəxansının İnsan orqan və toxumalarının transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi cavablandırıb.
- Bu günə kimi sizin xəstəxanada neçə nəfərə orqan transplantasiyası həyata keçirilib?
– 46 xəstəyə böyrək köçürülməsi, 34 xəstəyə qaraciyər köçürülməsi, 1 xəstəyə isə həm böyrək, həm qaraciyər köçürülməsi əməliyyatı etmişik. Sonuncu fakt, ümumiyyətlə, dünyada azdır, həm də bu prosesi canlından köçürən mərkəzlərin sayı da azdır. Gördüyümüz iş dünya səviyyəsində hal-hazırda görülən işdir, nəticələrimiz də dünya səviyyəsində görülən işlər, dünyada olan böyük transplantasiya mərkəzləri ilə eynidir.
- Ümumiyyətlə, orqan transplantasiyası neçəyə başa gəlir?
– Normalda bizim təhsil aldığımız ölkələrdə və tez-tez konfranslar üçün getdiyimiz xarici ölkələrdə xəstəxana ilə xəstə arasında qiymət barəsində hər hansı söhbət getmir. Çünki insanların sosial sığortası olur və sosial sığorta təşkilatı onların bütün-qripindən tutmuş transplantasiya əməliyyatlarına qədər olan xərclərini ödəyir. Bundan əlavə, əgər bizim xəstə əməliyyat olunmaq üçün xaricə gedirsə, orada xərclər bizimkindən 3-4 dəfə bahadır. Bizdə sözün düzü qiymətlər barəsində xəbərsizəm. Biz xəstəyə baxırıq, müayinə edirik və yatışa göndəririk. Orada artıq qiymət məsələsi müzakirə olunur ki, bundan xəbərsizik. Amma deyə bilərəm ki, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilən xəstələr var ki, onlar da pulsuz müalicə olunur. Son günlərdə mediada sığorta işləri danışılır və dövlət buna öz dəstəyini verir ki, bu sistem oturuşsun və insanlar dövlət sığortası hesabına bu prosesləri həyata keçirə bilsin.
- Xəstələr üçün donorun tapılması prosesi asandır? Bu ancaq qohum şəxslərdən olur, yoxsa kənardan donor cəlb etmək mümkündür?
– 1999-cu ildə qəbul edilən “Orqan və toxumaların köçürülməsi haqqında” Qanuna görə və dünya ölkələrinin təcrübəsinə əsasən, donorun yaşı 18-dən yuxarı, əqli və psixi cəhətdən sağlam olmalı və onlar öz rizası ilə donor ola bilər. Bizim mərkəz olaraq qəbul etdiyimiz bir qayda var, xəstələrin donorları onların yaxın və uzaq fərq etməz hüquqi cəhətdən qohumları olmalıdır. Qohumları tərəfindən verilən orqanlar vasitəsilə transplatoji əməliyyatları yerinə yetiririk. Kənar şəxslərdən canlı donor kimi istifadə edilmir, çünki xəstənin qohumu olmalıdır ki, arada hər hansı maddi bağ olmasın. Biz, dövlətimiz, qanunlarımız buna qarşıdır. Eyni zamanda etik deyil, ona görə donorlar xəstənin qohumlarıdır, hətta ən axırıncı böyrək transplantasiya etdiyimiz donor xəstəmizin qayınatası idi. Buna görə işimiz məhduddur, ancaq böyrək və qaraciyər əməliyyatı həyata keçirilir. Çünki transplantasiyanı ancaq canlıdan edirik. Yox əgər meyit orqanlarını transplantasiya etsək, əgər insanlarımız orqanlarını bağışlasa, bu zaman ürək, ağciyərlər, mədəaltı vəzi, böyrək meyitdən götürülmüş orqan vasitəsilə həyata keçirilə bilər. Bu həm əməliyyat nəticəsində sağlığına qovuşmuş xəstənin sayını artıra bilər, həm də canlı donorlara olan ehtiyacı nisbətən azaldar. Təsəvvür edin, təcili hal olarsa, bir donorun hazırlanması 5-7 gün çəkir, amma təcili hal olarsa 3 günümüz belə, yetməz. Amma meyit orqanı olarsa, birbaşa transplantasiyanı həyata keçirə bilərik. Ancaq hələlik bizim ölkəmizdə ancaq canlı donorlardan orqan transplantasiyası həyata keçirilir. Fikrimcə, yaxın gələcəkdə beyin ölümü olmuş meyit orqanlarından istifadə edə biləcəyik.
- Orqan transplantasiyası əməliyyatlarının nəticələri necə, uğurlu alınıb?
– Bu ən böyük risk tələb edən bir əməliyyatdır. Bir cərrah “mən cərraham, uzun müddətdir işləyirəm və praktikamda xəstəm ölməyib” deyirsə, burada bir paradoks var, ya o cərrah deyil, ya da xəstəsi olmayıb. Təbii ki, ölüm hadisələri bizdə də olub, bütün mərkəzlərdə olub. Göstəricilərimiz istər xəstələrin həyatda qalma nisbəti, istər ölüm nisbəti dünya praktikası ilə eynidir. Xəstələrimizin bir illik həyatda qalmaları 92 faizdir. Yəni 100 xəstə götürsək, onun 92-si həyatda qalır. 3 illik həyatda qalma faizi 75-dir, bu özü böyük rəqəmdir.
- Orqan transplantasiyasından çox insan qorxur. Buna səbəb kimi isə əməliyyatlardan sonra çoxlarının ölməsini misal göstərirlər. Bu hal daha çox böyrək köçürülmələri zamanı baş verir. Bununla bağlı nə deyə bilərsiniz?
– Ümumiyyətlə böyrək xəstələri qaraciyər xəstələrinə nisbətən şanslıdır, çünki onların bir şansı var ki, dializə məhkumdurlar. Dializ özü müalicə deyil. Dializ nisbətən müalicə metodu olub, xəstənin həyatda qalmağı üçündür, müvəqqəti metoddur, əsas əməliyyatdır. Böyrək çatışmazlığı olan xəstənin müalicəsi böyrək köçürülməsidir. Dializ olan 100 xəstənin 30 faizində ölüm qeyd olunur. Amma transplantasiya olunan 100 xəstənin 1 faizində ölüm qeyd olunur. Dializə girən xəstə əlil kimidir. Həftədə 3 dəfə 6 saat dializə girir, işindən, ailədən evindən, hər şeydən mərhum olur. Bundan əlavə, dializdən sonra özünə gəlmə müddəti var. Amma böyrək transplantasiya olunandan sonra xəstə normal həyatına qayıdır. Qaraciyər xəstələri isə əgər əməliyyat olunmazsa, onların ölüm faizi 100 faizdir. Yəni qaraciyər serrozu olan son dönəm 100 xəstənin 100-də də əməliyyat olunmazsa, öləcək, amma əməliyyat olunarsa, bunların 70 faizinin yaşama şansı var. Bu dəqiqə mediada, orada-burada müxtəlif fikirli açıqlama verən insanlarımız var ki, onlara soruşsanız “siz qaraciyər serrozu olsaydınız əməliyyat olunardınız?”, deyərdilər – “əlbəttə”.
- Bu gün orqan transplantasiyası üçün xaricə üz tutan xəstələr daha çoxdur. Bu, etibarın olmamasından irəli gəlir?
– Ümumiyyətlə, insanlar azaddırlar, xəstə xəstəxana və həkim seçməkdə azaddır, xaricə gedə bilər. Bu o demək deyil ki, Azərbaycanda səhiyyə xidməti zəifdir, xeyr, normal şəkildə səhiyyə xidməti göstərilir. Bu gün əgər Azərbaycanda transplantasiya əməliyyatları icra olunursa, ürək əməliyyatları icra olunursa, bu o deməkdir ki, səhiyyəmiz də inkişaf edir. Biz şəxsən komanda olaraq, iki Gürcüstan vətəndaşına qaraciyər köçürmüşük. Bu gün danışıqlarımız gedir, Rusiyadan böyrək köçürmək üçün gəlmək istəyən xəstə var. Eyni zamanda Tacikistandan böyrək köçürülməsi üçün gəlmək istəyən xəstəmiz var.
- Ümumiyyətlə neçə belə xəstə əməliyyat olunmasını gözləyir?
– Təəssüf ki, meyit proqramı olmadığı üçün xəstələrin siyahısını tuta bilmirik, amma təxmini bir şey deyə bilərəm ki, hər gün mənə 2 qaraciyər serrozu, 3-4 böyrək çatışmazlığı olan xəstələr müraciət edir. Buna əsasən deyə bilərəm ki, gözləyən xəstə sayımız çoxdur.
- Bu günə qədər sizə orqanlarını vəsiyyət edən insanlar olubmu?
– Qənirə xanımın mediada məlum vəsiyyətindən sonra şəxsən mənə 4 insan müraciət edib ki, orqanlarını bağışlamaq istəyir və hansı quruma müraciət edə bilər. Mexanizm işləyəndən sonra insanlar orqanlarını bağışlayacaq və bu əməliyyatlar həyata keçiriləcək.
Aytən Əliyeva