Azərbaycanda kifayət qədər ali təhsil ocağı olsa da, onların əksəriyyətinə kişilər rektorluq edir. Modern.az-ın məlumatına görə, cəmi 3 ali məktəbin qadın rektoru var. Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Qərb Universitetinin rektorları qadındır. Digər özəl və dövlət ali təhsil ocaqlarının rəhbərləri əks cinsin nümayəndələridir. Hətta ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə də yarandığı gündən bu günə qədər kişilər rəhbərlik edir.
Təhsilimizin flaqmanı - Bakı Dövlət Universitetinin ilk rektoru Vasili Razumovskidən Abel Məhərrəmova qədər heç vaxt qadın rəhbər olmayıb.
Tibb Universitetinə bu günə qədər bir dəfə qadın rektorluq edib. 1972-1983-cü illər arasında rektor olan Zəhra Quliyeva əməkdar elm xadimi, tibb elmləri doktorudur. Zəhra Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat edib.
İqtisad Universitetinə də bir dəfə qadın rektorluq edib. Bu, 1939-1941-ci illər arasında olub. O gündən bəri ali təhsil ocağının rektorları ancaq kişilər olub.
Azərbaycan Dillər Universitetinə də uzun müddət qadın rektorluq edib. Belə ki, 1973-1995-ci illər arasında “Əsrin qadını” və “İlin qadını” adlarına layiq görülən Zemfira Verdiyeva bu ali təhsil ocağının rektoru olub. 1935-ci ildə Tiflisdə anadan olmuş Zemfira Verdiyeva 2010-cu il noyabrın 7-də dünyasını dəyişib.
Azərbaycan Pedaqoji Universiteti, Neft Akademiyası, Naxçıvan Dövlət Universiteti, Qafqaz, Xəzər universitetlərinə isə bu günə qədər həmişə kişilər rektorluq ediblər.
Hazırda ali təhsil ocaqlarına rəhbərlik edən qadın rektorları tanıyaq:
Azərbaycan Müəllimlər İnstitutuna millət vəkili Aqiyə Naxçıvanlı rəhbərlik edir. O, 2005-ci il martın 28-dən Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru millət vəkili Gülçöhrə Məmmədovadır. O, bu vəzifəyə 2000-ci ildə təyin edilib.
Özəl ali təhsil müəssisəsi olan Qərb Universitetinə qadın rəhbərlik edir. Universitetin rektoru dosent Zemfira Məmmədovadır.
Sevinc İltifatqızı