Modern.az

Vəkil: “Əvəz Zeynallı Gülər Əhmədovanın iddiası ilə həbs olunub” - MÜSAHİBƏ

Vəkil: “Əvəz Zeynallı Gülər Əhmədovanın iddiası ilə həbs olunub” - MÜSAHİBƏ

Ölkə

19 Yanvar 2013, 10:45

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının son məhkəmə prosesi qalmaqalla müşayiət olunub. Baş redaktor Gülər Əhmədovanın onun həbsində əsas rol oynadığını bildirirək, eks-deputatın məhkəməyə çağırılmasını tələb edir.
Gülər Əhmədova isə mətbuata müsahibəsində Əvəz Zeynallının onun iddiası ilə həbs olunmadığını deyib.
Əvəz Zeynallının vəkili Elçin Sadıqov bununla bağlı suallarımızı cavablandırıb.

Gülər Əhmədova müsahibəsində bildirib ki, Əvəz Zeynallı onun iddiası ilə həbs olunmayıb. Bu, doğrudanmı belədir?

- Gülər Əhmədovanın Əvəz Zeynallı ilə bağlı dediyi həmin fikirlərlə tanışam. Bildirirəm ki, Gülər Əhmədova tamamilə yalan deyir. Belə ki, Gülər Əhmədova onu himayə edənlərin sifarişi ilə 19 oktyabr 2011-ci il tarixdə baş prokuror Zakir Qaralova Əvəz Zeynallının onu rüsvay edəcək məlumatların yayılması hədəsi ilə külli miqdarda pul tələb etməsiylə bağlı müraciıət edib.

Əvəz Zeynallıya qarşı tərtib edilmiş ittiham aktının giriş hissəsində göstərilir: “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Qabil Şövkət oğlu Qasımov Azərbaycan Respublikası CPM-nin 284-288-ci maddələrində nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra icraatımda olan 112026162 №-li cinayət işi üzrə ittiham aktının tərtibinə başladım.

Həmin cinayət işi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əhmədova Gülər Mikayıl qızının Azərbaycan Respublikasının Baş prokurorluğuna müraciəti əsasında toplanmış material üzrə Zeynalov Əvəz Tapdıq oğlu barəsində 20 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 311.3.3, 311.3.4-cü maddələri ilə başlanmış, istintaqın gedişində iş Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3, 311.3.4, 306.2 və 213.1-ci  maddələrinə tövsif edilmişdir.

Cinayət işinin başlanmasına səbəb və əsas Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əhmədova Gülər Mikayıl qızının «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynalovun 2011-ci ilin avqust ayında rəhbərlik etdiyi qəzet səhifələrində barəsində rüsvayedici, şəxsiyyətini ləkələyən məlumatların yayılması hədəsi ilə ondan külli miqdarda pul tələb etməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 19.10.2011-ci il tarixli ərizə ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində aparılmış ilkin araşdırma zamanı cinayət işinin başlanılması üçün cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. 

İş üzrə 28.10.2011-ci il tarixdə Zeynalov Əvəz Tapdıq oğluna Azərbaycan Respublikası CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, Nəsimi rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Ə.T.Zeynalova 04 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə, 14.04.2012-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3, 311.3.4, 306.2 və 213.1-ci maddələri ilə yenidən ittihamlar elan edilmiş, Nəsimi rayon məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti 20.05.2012-ci il tarixə kimi uzadılmışdır.”

Göründüyü kimi, Əvəz Zeynallıya qarşı cinayət işi Gülər Əhmədovanın şikayəti əsasında başlamışdır. Gülər Əhmədovanın Əvəz Zeynallı barədə uydurma şikayəti verməsi 19 oktyabr 2011-ci ilə, yəni “Xural” qəzetinin əmlakının müsadirə olunduğu vaxta təsadüf etməsi, həmin şikayətin verilməsinin və saxta CD səs yazılarının montaj edilərək cinayət işinin başlanması yüksək səviyyədə idarə olunmuşdur. Əvəz Zeynallı məhkəmədə onun həbsini sifariş verənləri və icra edənləri dəqiqliklə göstərmişdir.

Düşünürəm ki, Gülər Əhmədova Əvəz Zeynallının onun şikayəti əsasında həbs edilməməsini deməkdə məqsədi odur ki, artıq Gülər Əhmədova həbs ediləcəyini bilir və Əvəz Zeynallının onun şikayəti əsasında həbs edilmədiyini deməklə ictimaiyyəti çaşdıraraq, özünün gələcəyinə dəstək verilməsinə yol açmaq niyyəti güdür.

- Axı, Gülər Əhmədova məhkəmədə şahid kimi gedir?

- Düzdür, Gülər Əhmədova Əvəz Zeynallının cinayət işində şahid qismində gedir. Həmin vaxt istintaq orqanı Gülər Əhmədovanı hər dəfə istintaq hərəkətinə gətirə bilmirdi, ona görə də çıxış yolu kimi Gülər Əhmədovanı zərərçəkmiş kimi yox, şahid olaraq tanıdılar.

- Rüxsarə Axundova və Tənzilə Rüstəmxanlı da bu işdə şahid kimi gedirlər. Amma Tənzilə Rüstəmxanlı sonuncu dəfə ifadə verəndə Gülər Əhmədovanı onu bu işə cəlb etdiyinə görə qınayıb. Rüxsarə Axundovaya isə vəzifə verilib. Hazırda onlar bu cinayət içində şahid kimi qalırlarmı?

- Bəli, onlar hər ikisi şahid qismində cinayət işində qalmaqdadırlar. Onların hər ikisi məhkəmədə ifadə veribdir. Rüxsarə Axundova Gülər Əhmədovanın ona öyrətdiklərini məhkəmədə dedi. Tənzilə Rüstəmxanlı isə istintaq zamanı Gülər Əhmədova ilə yaxın rəfiqə olduqlarını bildirsə də, məlum hadisələrdən sonra Gülər Əhmədovanı sadəcə tanıdığını onunla rəfiqə olmadığını dedi. Düşünürəm ki, Rüxsarə Axundovaya vəzifə verilməsində Əvəz Zeynallıya qarşı ifadə verməsinin və bu yolla ona verilən göstərişi icra etməsinin böyük rolu var.

- Sevinc Babayeva Əvəz Zeynallının yayda keçirilən məhkəmə proseslərindən birində görüntülənib. O bu iclaslara im qismində qatılırdı?

- Bəli, Sevinc Babayeva cinayət işi üzrə 02 iyul 2012-ci il tarixli məhkəmə iclasına Gülər Əhmədova ilə birlikdə gəlmişdi. Sevinc Babayeva Əvəz Zeynallının işində şahid qismində keçmir. Gülər Əhmədova Sevinc Babayevanı ona görə şahid göstərməyib ki, Sevinc Babayeva Gülər Əhmədovanın şər-böhtanlarına alət olmaqdan imtina edib.

- Hazırda Gülər Əhmədova Elşad Abdullayevin yaydığı videogörüntülərə görə istintaqa cəlb olunub. Onun “videoyazı həbs olunmaq üçün əsas sayıla bilməz” arqumentinə qarşı Əvəz Zeynallının audioyazıya görə həbs olunmasını misal gətirirlər. Mən isə bu sualı əksinə vermək istəyirəm: audioyazı sübut sayıla bilməzsə, videoyazı sübut sayıla bilərmi? Burada sizin Əvəz Zaynallının məhkəmələrində işlətdiyiniz bir arqumenti də yada salmaq istəyirəm: Siz bildirmişdiniz ki, Konstitusiyamız gizli səs yazısını qadağan edir... 

- Ölkədə gizlin səs yazısının yazılması 2009-cu ilin mart ayında Konstitusiyamıza edilən dəyişikliklərdən sonra qadağan olundu. Elşad Abdullayevin yaydığı bütün videogörüntülər Konstitusiyaya edilən sonuncu dəyişiklikdən əvvəkli vaxtlara təsadüf edir. Gülər Əhmədovanın təqdim etdiyi mp3 formatında olan, dəfələrlə köçürülmüş, əsli olmayan və montaj edilmiş səs yazısı ilə Konstitusiya ilə gizlin səs yazısının yazılması qadağan olunduqdan sonra montaj edilib. Ümumiyyətlə Konstitusiyaya, Cinayət Prosessual Məcəlləyə, “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanuna əsasən, Gülər Əhmədovanın montaj etdirdiyi CD sübut kimi qəbul edilə bilməz. Çünki həmin sübut qanunsuz yolla əldə edilmiş və onun əsli yoxdur, montaj edilmişdir.

- Əvəz Zeynalli bildirib ki, onun Gülər Əhmədovadan pul tələb etməsini əks etdirən SMS-ləri saxtadır. O, bunları yazmayıb. Bunlar sonradan onun telefonuna daxil edilib. Bu, nə dərəcədə ağlabatandır? Ümumiyyətlə, belə bir praktika varmı?

- Əvəz Zeynallı həbs edildikdən sonra “Azercell”in verdiyi rəsmi arayışa görə onun mobil telefonu 26 yanvar 2012-ci il tarixədək açıq olmuşdur. Bu müddət ərzində istintaq orqanı Əvız Zeynallının telefonu ilə köhnə tarixlərə SMS-lər göndərilməsini etmişdir . Bundan başqa, həmin SMS-lərin nə vaxt göndərilməsini və qəbul edilməsini bazada siyasi sifarişə uyğun olaraq saxtalaşdırmaq tam mümkündür. Bunu daha dəqiq müəyyən etmək üçün həmin SMS-lərin Əvəz .Zeynallının və Gülər Əhmədovanın telefonlarında olub-olmamasını müəyyən etmək zəruri idi. Əvəz Zeynallının telefonu istintaq orqanı tərəfindən götürüldüyündən və 26 yanvar 2012-ci il tarixədək istifadə edildiyindən, Əvəz Zeynallının telefonuna həmin SMS-lərin saxta üsulla daxil edilməsi mümkündür. Amma Əvəz Zeynallı həbs edilən zaman Gülər Əhmədova deputat olduğundan inanmıram ki, istintaq cürət edib onun  telefonunu istəsin və telefona Əvəz Zeynallıda olduğu kimi saxta SMS-lər daxil etsin.

Hüseyn Əlyarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı