“Milyarderlər İttifaqı”nın təsisçisinin PA rəsmisi ilə bağlı iddiasına Ali Məhkəmədə baxılır

Yanvarın 21-də Ali Məhkəmə Azərbaycan Ziyalılar Forumunun üzvü, kinodramaturq Rüstəm İbrahimbəyovla Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov arasında başlanmış məhkəmə işinə baxıb.
Modern.az saytına bu məhkəmə qalmaqalı ilə bağlı məlumat daxil olduqdan sonra əməkdaşımız məsələni araşdırıb. Bəlli olub ki, Rüstəm İbrahimbəyov 2012-ci ilin avqust ayında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla bağlı məhkəməyə müraciət edib. Kinodramaturq məhkəmə iddiasında bildirib ki, Əli Həsənov mətbuata verdiyi müsahibədə onun şərəf və ləyaqətini təhqir edib. Modern.az-ın araşdırmasına görə, uzun müddət mətbuatdan gizli saxlanılan bu prosesin ilk mərhələsi ötən ilin avqust ayında Səbail rayon Məhkəməsində baş tutub.
Belə bir məhkəmə prosesinin keçirildiyini Ali Məhkəmədən Modern.az-a təsdiq ediblər. Ali Məhkəmənin Mülki Kollegiyasının məsul katibi Elxan Tanrıverdiyev saytımıza bildirib ki, Rüstəm İbrahimbəyovun Əli Həsənov barəsindəki şikayətini 2012-ci ilin avqust ayının 6-da Səbail rayon Məhkəməsində baxılıb. Həmin prosesdə məğlub olan Rüstəm İbrahimbəyov Səbail rayon Məhkəməsinin qərarından Apelliyasiya Məhkəməsinə şikayət edib.
E.Tanrıverdiyevin sözlərinə görə, Apelliyasiya Məhkəməsində də uduzan kinodramaturq növbəti dəfə Ali Məhkəməyə şikayət ünvanlayıb. Ali Məhkəmənin məsul katibi saytımıza açıqlamasında Rüstəm İbrahimbəyovun müraciətinə yanvarın 21-də hakim Ələsgər Əliyevin sədrliyi ilə baxıldığını vurğulayıb. Proses hazırda Ali Məhkəmədə baxılmaqdadır.
Məsələ ilə bağlı Rüstəm İbrahimbəyovla dəfələrlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Anar RÜSTƏMOV