
“Vahid xütbə o demək deyil ki, axundlar robotlaşsın”.
Modern.az-a açıqlamasında bu sözləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə deyib. M.Seyidzadənin sözlərinə görə, artıq vahid xütbə söhbəti yekunlaşıb.
“Kitab artıq hazırdır. Kitabın adı “Axund və imamlar üçün vahid xütbələr proqramı üzrə vəsait”dir. Bu vəsait indi nəşriyyatdadır, inşallah bir həftəyə, 10 günə çıxacaq və bundan sonra biz bu kitabları məscidlərə paylayacağıq”.
Qurumun rəsmisi bildirib ki, kitab ancaq axundlar üçün hazırlanıb və bir illikdir: “Bir ildən sonra biz yenidən ikinci kitabı hazırlayacağıq. Yəni hər il yeni-yeni xütbələr olacaq. Amma bu o demək deyil ki, biz axundları robotlaşdırırıq. Biz onlara mətni veririk və onlar oxusunlar. Belə olmaz. Biz ancaq onlara proqram veririk ki, bu cümə müvafiq olaraq bu haqda danışın. Məsələn, 20 yanvar həftəsi ərəfəsindədirsə, onlar şəhidlərdən danışacaqlar. Şəhidlərə aid olan ayələr və s. Daha sonra vətənpərvərlik, valideynə, vətənə ehtiram və s. belə söhbətlər olacaq. Bu haqda peyğəmbərdən hədislər deyəcək”.
M.Seyidzadənin sözlərinə görə, axund verilən proqram əsasında özü üçün xütbə hazırlayıb, cümə günü o xütbəni hazırlayacaq.
“Həmçinin öz fikirlərini günün tələbələrinə uyğun olaraq sərbəst şəkildə ifadə edəcək. Deməli biz axunda ancaq istiqamət veririk. Biz axunda demirik ki, ancaq bu sözləri oxu. O öz üzərində çalışmalıdır, inkişaf etməlidir, elmi biliklərə yiyələnməlidir. Vahid xütbə bunun üçündür. Biz ali təhsilli ruhanilər yetişdirmişik, indi də onların faydalarını da görməliyik”.
“Bütün məscidlərdə eyni xütbə oxunacaqmı” sualına isə QMİ rəsmisi belə cavab verib:
“Məscidlərin hamısında hər cümə eyni xütbə olmayacaq. Axund kitabdan mövzu seçəcək, o mövzu haqqında günün tələblərinə uyğun söhbətlərini edəcək. Bu gün hansı mövzudan danışmaq daha rahatdırsa, o mövzudan da danışılacaq. Yəni o demək deyil ki, kitabda birincini, ikincini oxuyaq. O görəcək ki, həmin məsciddə hansı məsələ daha aktualdırsa, elə o haqda da danışacaq. Bizim kitab sadəcə istiqamətdir. Keçən cümə namazdan danışılırsa, bu həftə namazın şərtlərindən, insani keyfiyyətlərdən danışa biləcək. Namazın elmiliyi, namaz niyə qılınmalıdır və s. Onlara biz sadəcə proqram vermişik, onlar isə söhbətini edəcək”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli qeyd edib ki, bu məsələylə sözügedən qurumun əlaqəsi yoxdur. “Biz bu məsələ ortaya çıxanda, sadəcə dedik ki, yaxşıdır”.
Qeyd edək ki, vahid xütbə məsələsi 2012-ci ilin sonunda QMİ sədri Hacı Allahşükür Paşazadə tərəfindən irəli sürülüb.
Sevinc İltifatqızı