
Əvvəllər uşaqları xoxanla qorxudurdularsa, zaman keçdikcə valideynlərin qorxutmaq metodu da dəyişib. İndi qorxulu nağılların mənfi obrazları olan xoxanların yerini polis işçiləri tutub. Yəni bir zamanlar uşaqları “Xoxan gəlib səni yeyəcək” kimi uydurmalarla qorxudurdularsa indi körpələrin gözünün odunu “Polis gəlib səni tutacaq” deməklə alırlar. Halbuki polis asayişin, təhlükəsizliyin qoruyucusu timsalı olmalıdır. Amma nədənsə bizdə polis işçiləri qorxulu obrazları ilə tanınır. Uşaqlar bir yana dursun, indi böyüklər də onlardan çəkinir, polisdən qorxduqları üçün ən ağır cinayətlər də belə, şahidlik etmək istəmirlər.
Modern.az valideynlərin
uşaqlarını polislə qorxutmalarının səbəbini araşdırıb.
Psixoloq Dəyanət Rzayev hesab edir ki, dünyanın əksər ölkələrində “polis mənim dostumdur ” anlayışı olsa da, Azərbaycanda belə bir anlayış yoxdur. Onun sözlərinə görə, Qərb ölkələrində vətəndaş polisə arxalanır, onun qorumasına inanır. Amma Azərbaycanda heç cinayət etməyən adam da polis görəndə vahimələnir, ondan çəkinir. Hətta onun yanından keçəndə belə, həyəcanlanır, qorxur, vahimələnir. Psixoloqun dediyinə görə, bizdə polis mənfi obraz yaratdığından hamı polis görəndə qorxur:
“Polis sözünü eşidəndə hamının ağlına şər atmaq, tutdurmaq kimi şeylər gəlir. Ona görə də hamı polis görəndə qorxur. Deyir ki, birdən məni tutdurar, şərləyər, “içəri” atarlar. Polis bir nəfəri saxlayır ki, sənədlərini təqdim elə deyəndə ki, sənədim yoxdur, deyir gəl getdik içəri. Bölməyə çatanda isə həmin adamdan pul, rüşvət istəyir, deyir, bizə hörmət elə və ya bizə siqaret al”.
Psixoloq onu da deyir ki, polislər şikayət edirlər ki, onlara işləmək çətindir. Polislər isə deyir ki, əhali bizə kömək etmir:
””Gedib qonşuları dindirirsən heç kim bilmir. Bizə də cinayət işini açmaq çətin olur”. Mən də deyirəm ki, əlbəttə kömək etməyəcəklər. Çünki sizə qarşı mənfi rəy var. Heç kim sizə baş qoşmaq istəmir. Vətəndaşlardan da soruşuram ki, sənin yanında adam öldürüblər, niyə heç nə demirsən? Həmin insan da deyir ki, çünki sabah mənim də üstümə şər ata bilərlər. Bu gün insanlar polisə belə münasibət bəsləyirlər. Əslində haqlıdırlar da. Bu gün sahə müvəkkili ailələrdə olan hadisələri, problemləri yoxlamaqdan, onlara kömək etməkdən gedib haradasa “şirinlik” alırlar. Bizim sahə müvəkkilləri belə iyrənc şeylərlə məşğul olurlar. İnsanlarla da çox kobud davranırlar. Söyüşlə, təhqirlə, ağır səs tonu ilə danışırlar. Belələrinə polis demək olar?! Amma onu da etiraf etmək lazımdır ki, yüksək vəzifəli polis məmurları çox mədəni, davranışlarını bilən insanlardır”.
D.Rzayev onu da bildirdi ki, ümumiyyətlə Azərbaycan polisi istefaya göndərilməlidir. Onun sözlərinə görə, aşağı rütbəli polislərin davranışları mədəniyyətdən kənardır. Ona görə də vətəndaşlar onlarla danışmaq istəmir, onlardan qorxur, hətta uşaqları da polislərlə qorxudurlar. Ümumiyyətlə uşaqları qorxutmağın düz olmadığını söyləyən psixoloqun fikrincə, bu gün Azərbaycan polisinin yaratdığı mənfi obraz hamıda qorxu yaradır. Ona görə də uşaqları haqlı olaraq polislə qorxudurlar:
“Qorxutmağı düz etmirlər. Amma valideynlərə polislə qorxutmaqlarına haqq qazandırıram. Çünki hər hansısa bir cinayətdə, qətldə yüksək çinli polis heç vaxt cəzalandırılmır. Həmin insanın qanı da yerdə qalır. Hamı da bunu bildiyindən heç kim polisə baş qoşmaq istəmir ki, sənin və ya onun qohumunun, yaxınının qanı yerdə qalacaq. Məsələn, elə son zamanlar hərbidə olan hadisələrdə kimi tutdular? Ona görə də hamı deyir ki, heç kimə toxunmayım ki, ailəmə ziyan dəyməsin”.
Gültəkin Ələsgər