
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ötən gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun “Milyarderlər İttifaqı” və “AzərRos”la bağlı mövqeyinə münasibət bildirib.
Abbas Abbasov üzünü Nazim İbrahimova tutaraq deyib:
”Əgər Nazim İbrahimov o vəzifəni daşıyırsa və o istəyirsə ki, burda yaşayan azərbaycanlılar yaxşı yaşasın onda o, bütün təşkilatlara eyni münasibət göstərməlidir. Söhbət burada şəxsi münasibətlərdən getmir. Söhbət Azərbaycan icmasından gedir. Bu icma sənin yanına gələsi deyil. Sən, bir məmur olaraq bu icmanın yanına gəlməlisən. Çünki İcma böyükdür. Sən məmursan, icmaya diktə edə bilməzsən. İcmanın dediyini həyata keçirməlisən. Bakıdan durub, burdakı azərbaycanlılara ağıl, öyüd nəsihət vermək lazım deyil”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc A.Abbasovun Nazim İbrahimovla bağlı fikirlərinə münasibət bildirib.
Modern.az-a açıqlamasında deputat deyib ki, Abbas Abbasov tutduğu mövqeyə və apardığı işlərə görə tanış simadır və onun idarəetmədəki fəaliyyəti ölkə rəhbərliyi tərəfindən təqdir olunub.
“O, dövlətçiliyə sədaqəti ilə seçilib, xüsusi iddiaları olmayan bir insandır. Baş nazirin 1-ci müavini vəzifəsindən gedəndən sonra öz dəsti-xətti və fəaliyyəti ilə prezidentə sədaqətini hər zaman ifadə etməyə çalışıb. Düşünürəm ki, onun sonradan ölkə rəhbərliyi ilə görüşləri də imkan verdi ki, başladığı işdə dəqiqlik olsun, birmənalılıq olsun və hər hansısa kənara çıxmalar baş verməsin. Əlbəttə, heç kimin Abbas Abbasovun mövqeyinə də şübhəsi yox idi. Amma Rusiya siyasi elitasının planları, gələcək ssenariləri üzərində müxtəlif fikirlər meydana çıxmışdı. Və qeyd olunurdu ki, Rusiyada fəaliyyət göstərən istənilən azərbaycanlıya hər hansı bir iqtisadi, əmlak və s. asılılığına görə bu ölkədən təsirlər göstərilə bilər, onları Azərbaycan dövlətinin gələcək mənafeyinin əksinə yönləndirməi baş verər”.

Zahid Oruc deyib ki, Abbas Abbasovun Azərbaycan prezidenti ilə son görüşməsi bu məsələdə də tam anlaşmanın əldə olunduğunu deməyə imkan veriri.
“Onun “AzərRos”da fəaliyyəti gələcək etibarı ilə oradakı insanlarımızın birləşməsinə, fəaliyyətinin kordinasiya olunmasına yönələcək. Abbas Abbasovun diaspor qurumlarının işini təşkili edən bizim Dövlət Komitəsi rəhbəri ilə konflikti yaranırsa, bu, yaxşı hal deyil. Güman edirəm ki, bu məsələ üzərində bir daha danışıqları davam etdirmək lazımdır. Əgər həqiqətən orada fəaliyyətin təşkili üçün bizim lobbi və ya diaspor qurumlarının işini birləşdirtmək naminə fərqli addımlar atmaq lazımdırsa, yenə Azərbaycan dövləti ilə razılaşdırılaraq edilməlidir. Yəni burada avtonom məqamlar fərdi təşəbbüskarlığı öz üzərinə götürərək, digərlərinin mövqeyini nəzərə almamaq uğurlu nəticə verməz. Mən hesab edirəm ki, bu Azərbaycan əleyhdarlarının xeyrinə işləyəcək. Abbas Abbasov kimi təcrübəli bir insanın Nazim İbrahimovla və o cümlədən, Azərbaycanın Rusiyada diaspor işlərini həyat keçirən strukturlarla bir hormonik əlaqədə fəaliyyət aparmasına çox ciddi ehtiyacımız var”-deyə, millət vəkili vurğulayıb.
Sevinc İltifatqızı