"Mən iqtidarın siyasəti ilə razılaşmadığımı istefamla təsdiq etmək istədim”
“1996-cı ildə Milli Məclis sədrliyindən istefa vermək barədə qərarım səhv addım idi”. Modern.az saytının məluamtıan görə, bunu Azərbaycan Milli Məclisinin eks-spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev “Youtube” sosial şəbəkəsində yerləşdirdiyi videomüsahibə ilə bağlı oxucu suallarına cavab verərkən bildirib.
R.Quliyev onun istefasını “təslimçilik” kimi xarakterizə edənlərlə razılaşmadığını vurğulayıb və qeyd edib ki, 1996-cı ildə vəzifəsindən istefa verərkən “sivil dünya nümunəsini ortaya qoymaq istəyib”.
“Atılan səhv addımla təslimçiliyi eyniləşdirmək savadsızlıqdır. Mən parlament sədrliyindən istefa verməklə sivil dünya praktikasından nümunə göstərmək istədim. Yəni iqtidarın siyasəti ilə razılaşmadığımı istefamla təsdiq etmək istədim”-deyə Rəsul Quliyev vurğulayıb
Daha sonra eks-spiker etiraf edib ki, 80-ci illərin sonu, 90-cı illərin əvvələrində Azərbaycanda baş qaldırmış demokratik hərəkatın vüsət almasına həm pulla, həm də digər vasitələrlə də böyük kömək edib.
“Mən 1988-1990-cı illərdə xalq hərəkatına həm maddi, həm də başqa usullarla kömək edirdim. Gündə 1000-lərlə adamları mitinqlərə çıxardırdım. Nəzərinizə çatdırım ki, Azadlıq meydanında qurulmuş “palatkaları” da biz təşkil etmişdik”-deyə eks-spiker qeyd edib.
Rəsul Quliyev 1993-1996-cı illərdə Azərbaycan MilliMəclsinin sədri olub. 1996-cı ildə səhhətində yaranmış problemlə bağlı bəyanat verərək, vəzifəsindən istefa çıxıb.
X.LÜTFÜZADƏ