Modern.az

Yasa gedən qadınların yolu gözəllik salonlarından keçir - BİABIRÇILIQ

Yasa gedən qadınların yolu gözəllik salonlarından keçir - BİABIRÇILIQ

Ölkə

31 Yanvar 2013, 12:31

Modern.az saytının “Unudulmuş adətlər” adlı yeni rubrikasında ilk mövzu insanların, xüsusilə də qadınların yas mərasimlərinə sanki toya gedirmiş kimi münasibət sərgiləməsidir. Bunun yeganə anlamı odur ki, belələri insanların dərdinə şərik çıxmaq üçün deyil, özlərini göstərmək üçün hüzr mərasimlərinə təşrif buyururlar. 

Bəs, əvvəllər necə olub?

Türkoloq, fəlsəfə doktoru Adil Cəmil adət-ənənələrin getdikcə unudulmasını cəmiyyətin dinamikası və zamanın özünün dialektikası ilə bağlı olduğunu deyib:

“Əslində, təzələr köhnəni sıxışdırb çıxarır, klassikanın yerini müasirlik tutur. Bu mənada bu cür dəyişikliklərə normal baxmaq lazımdır. Bizim folklorumuzdan, xalqımızın ruhundan gələn adət-ənənələr təkcə toy və yas mərasimləri deyil, ümumiyyətlə, cəmiyyətin davranışı da bunların içərisində gedir.

Yas mərasimlərində xanımların dəbdəbəli iştirakından əlavə, məclisə son dərəcə təmtəraqlı geyinib gəlmələri və məclislərdə stolların üzərində hər cür naz-nemətin olması bir növ bizlərə sanki “toyları” xatırladır. Yas mərasimlərinin özünəməxsus geyimi və ovqatı olur. Qadınlar belə yerlərə gedən zaman kosmetikadan və müxtəlif zinət əşyalarından imtina etməlidir. Onların belə görkəmdə yas mərasiminə gəlmələri bir çox insanlara, özəlliklə mərasim sahibinə çox pis təsir edə bilər. Bu kimi şeylər çoxlarında ikrah hissləri oyadır. Bəzən mərasimə gələn bəzi qadınlar bura niyə gəldiklərini unudub, molla fatihə verən zaman harda olduqlarını xatırlayırlar. Mən bir çox xarici ölkələrdə olmuşam və bu yerlərdə adət qanun çərçivəsindədir. Hər mərasimin özünün mahiyyəti və məzmunu olur. Hətta avropalılar yas mərasiminə gələn zaman qara eynəkdən istifadə edirlər. Onlar əslində bununla gözlərindəki kədəri onların dərdinə şərik olmağa gələn insanlara sirayət etdirməmək üçün istifadə edirlər. Bunun özü də bir mədəniyyətdir. Ona görə də bu adətlərin özünün içində bir nəzarət lazımdır. Öz milliliyimizi qoruyub saxlamaq üçün tariximizlə əlaqəli olan təşkilatlara müraciət etməliyik. Bunlardan tədricən uzaqlaşmaq və tənqid obyektinə çevirməklə bəlkə də müəyyən işlər görülə bilər. Azərbaycanda bəzi adət ənənələr var ki, bu gün onların əksəriyyəti yaşamır və unudulmaqdadır”.

“Yas mərasimlərinə bəzənib gələnlər tərbiyələrini göstərirlər”

Millət Vəkili Hadi Rəcəbli milli adət-ənənələrimizin qorunub saxlanmasının tərəfdarı olduğunu bildirib:
Unudulmuş bir çox adət-ənənələrimiz var ki, bu da bizim cəmiyyətimizin çox ağrılı yeridir. Elə yas mərasimlərində qadınların müxtəlif zinət əşyalarından və bər-bəzəkdən istifadə etmələri heç də doğru deyil. Bura gələn hər bir insan başa düşməlidir ki, hara gedir. Yas mərasimlərinin özünə məxsus geyimi olmalıdır. Demirəm ki, tamamilə qara geyinib getməliyik, amma milli adət-ənənələrimizə də əməl etməliyik. Hətta mən hər zaman iş otağımda yas mərasimləri üçün qara qalstuk da saxlayıram. Biz milli adət ənənələrimizin qorunub saxlanması üçün bir çağırış da etmişdik. Belə ki bu adətlərin gələcək nəsillərə çatdırılması üçün hərəmiz bir şəxsi nümunə göstərsək, müəyyən mənada bir çox şeylərə nail ola bilərik. Bu gün yas mərasimlərinə gələn qadınlar hara gəldiklərini sanki unudurlar. Qadınların zinət əşyalarından və bər-bəzəkdən istifadə etmələri onların bir növ daxili aləminin və tərbiyəsinin göstəricisidir. Ona görə də bu məsələlərlə bağlı QHT-lər fəallıq göstərərək adət-ənənələrimizin getdikcə unudulmasının qarşısını almalıdırlar. Eyni zamanda şəxsi nümunələr göstərməklə də bu kimi adət-ənənələrimizin qorunub saxlanmasına nail bilərik".

"Qadınlar yas mərasimlərinə gedəndə yollarını gözəllik salonlarından salırlar"

Millət vəkili Jalə Əliyeva milli adət-ənənələrimizin qorunması və bunlara sadiqlik nümayiş etdirilməsinin mənəviyyat və xalqın varlığı baxımından çox əhəmiyyətli olduğunun vurğulayıb:

“Çox qədim tarixə malik olan xalqımızın özünəməxsus adət-ənənələri var. Xalqımız bu adət ənənələrə illərlə sadiq qalıb və bu günə qədər də bunları qoruyub saxlamağı bacarıb. Amma bununla yanaşı, müxtəlif ölkələrin mədəniyyətinin ölkəmizə sirayət etməsi bir çox dəyişikliklərə gətirib çıxarıb. Belə ki, tolerant bir ölkə olmağımıza baxmayaraq, bəzən bu mədəniyyət ünsürlərinə özümüzü çox qapdırırıq. Və həmin adət-ənənələrin pozulmasının ünsürlərindən biri də dəfələrlə toxunduğumuz toy və yas mərasimləri ilə bağlıdır. Milli Məclisdə də bununla əlaqədar dəfələrlə çıxışlarımız olub və bu qanun layihəsinin hazırlanmasını təklifini də irəli sürmüşük. Lakin müəyyən səbəblər ucbatından bu qanunun hazırlanması gecikir. Azərbaycan demokratik bir ölkə olduğu üçün burada hər bir vətəndaşın hüquqları qorunur. Yas mərasimləri hər bir vətəndaşın fərdi müstəsna hüququ kimi qiymətləndirilir. Bunun qarşısının hər hansı bir qanunla alınmasının vətəndaş hüquqlarının pozulması baxımından qiymətləndiriləcəyindən ehtiyatlandığımız üçün hələlik bu məsələlərin üzərində dayanmırıq. Bütün bunları cəmiyyətin müzakirəsinə buraxmışıq. Sosial məsələlərlə bağlı qanunlar cəmiyyət tərəfindən qəbul edilmədiyi müddətcə o heç bir xüsusi əhəmiyyət daşımır. Və bu günümüzün çox təəssüfedici reallıqlarından biridə yas mərasimlərinə gedən zaman qadınlarımızın yollarını gözəllik salonlarından salmalıdır. Sanki toya gedirmiş kimi zinət əşyalarından və bər-bəzəkdən istifadə etmələri ilk növbədə mərasim sahibinə qarşı hörmətsizlik kimi qəbul edilir.

Bəzən burada görüşən qadınlar elə məsələlərdən söhbət açırlar ki, sanki bir anlığa yasa gəldiklərinin unudurlar. Əvvəllər yas mərasimlərinə yaşlı insanlar gedərdilər və onlar da mütləq öz geyimlərinə nəzarət edərdilər. Amma indi bu mərasimlərə gedən qadınlarımız geydiklərinin bura uyğun olub-olmamasına qətiyyən fikir vermirlər. Mən özüm də gənc yaşlarımda yas mərasimlərinə getməmişəm. Artıq bir şəxsiyyət kimi formalaşandan sonra getməyə başladım. Yas mərasimlərinə gələn hər bir insan ilk növbədə yasına gədiyi insana və onun ruhuna hörmət əlaməti olaraq, bu cür bər-bəzəkdən və zinət əşyalarından istifadə etməməlidir. Bu məsələlərin daima gündəmdə qalması narahatlığın yaranmasına bir işarədir. Deməli bunlarla bağlı ölçü götürülməlidir".

Bu da son...

Gənc yazar Aqşin Yenisey milli adət-ənənələrimiz öz mahiyyətini itirməsinin səbəbini tariximizin getdikcə unudulması ilə əlaqələndirib:

“Yas mərasimlərinin özünə məxsusluğu var. Bura gedən qadınların bər-bəzəkdən və müxtəlif zinət əşyalarından istifadə etmələri heç də doğru deyil. Hətta elə xanımlar var ki, orada seçilmək xətrinə qonşudan zinət əşyaları alırlar. İndi tək qadınlar deyil, hətta kişilər də yas mərasiminə gedən zaman kimlərdənsə seçilməyə üstünlük verirlər. Amma mən deyərdim ki, bu ilk növbədə mərasim sahibinə qarşı hörmətsizlikdir. Mən bu cür düşüncə tərzini cəmiyyətimizin yetərincə savadlı olmaması ilə əlaqələndirirəm. Bunları etməklə insanlar öz daxili aləmlərini göstərmiş olurlar. Və hesab edirəm ki, bu cür adət-ənənələrimizin qorunması üçün QHT daha fəal olmalıdırlar”.

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı