CÜMHURİYYƏT LİDERİNİN NÖVXANIDAKI HEYKƏLİNİ DƏ GÖTÜRMƏK LAZIMDIR...
Məhəmməd Əmin... Hələ yeniyetmə ikən əməlisalehliyinə, əmanətə xəyanət etmədiyinə görə gələcəkdə bütün bəşərin Rəsulu –yolgöstərəni olacaq Məhəmməd əleyhissəlamı Məkkə sakinləri belə çağırardılar... Əmin – yəni etibar olunası, etimadlı şəxs... Azərbaycan müsəlmanları üçün bu adı daşıyan ikinci bir nüfuzlu insan və lider isə müstəqil demokratik dövlətçiliyimizin banisi Məhəmməd Əmin Rəsulzadə oldu... O, silahdaşlarıyla birgə çox çətin və mütərəqqi bir yol tutaraq Azərbaycanın inkişafı üçün üç əsas istiqamət göstərdi: müasirləşmə, türkləşmə, islamlaşma... Və bu tərəqqi düsturunu özündə əks etdirən bayrağı başı üzərinə qaldıraraq İslam dünyasında ilk müstəqil respublika üsul-idarəli Azərbaycan dövlətini qurdu... Bayraqdakı yaşıl rəng islamlaşma rəmzi oldu... Maraqlıdır, xalqını həm də islamlaşmağa doğru aparmalı olan bu şəxsiyyətin dinimizə münasibəti necə idi, özü də ibadət edirdimi?..
Bilirəm ki, Cümhuriyyət liderinin mübarək Peyğəmbərimizin(s) mövludu günləri ilə təxminən eyni vaxta düşən 129 illiyi ərəfəsində belə suallardan diksinənlər, “heç hənanın yeridir?”-deyənlər olacaq... “Camaat prezident seçkilərinə hazırlaşır, əsgər ölümlərini, İsmayıllı üsyanını, aşıb-daşan korrupsiyanı müzakirə edir, bunun açdığı söhbətə bax!..”- söyləyəcəklər... Xalq Cümhuriyyətinin banisinə düşmən kəsilənlər isə marığa yatacaqlar ki, əgər Məhəmməd Əmin namaz qılan olubsa, onu demokratik düşüncəlilərə “islam fundamentalisti” kimi təqdim edək, yox, namazdan uzaq olubsa, onu inanclı insanların gözündən salaq...
Hər kəs öz düşüncəsində də, əməlində də azaddır... Kiməsə gülünc görünən bu sual bir müsəlman, bir vətəndaş kimi bu sətirlərin müəllifi üçün prinsipialdı... Bir insanın öz babalarının kimliyi, onların həyat tərzi, eləcə də yaşadıqları dövrün hökmdarları, başçıları ilə maraqlanmasının nə demokratik düşüncə, nə də müsəlmançılıq baxımından bir qəbahəti var... Hər halda bu sual məşhur(!) modernist xanım yazarımız Günel Mövludun Peyğəmbərimizi(s) filmlərlə, karikaturalarla təhqir edənlərə qahmar çıxan “insanın peyğəmbərə ironik yanaşma haqqı var” düşüncəsi kimi təhlükəli deyil... Digər tərəfdən, həmin sualdan bu günkü problemlərimizlə bağlılığı olan başqa təbii suallar doğur: Rəsulzadədən sonrakı başçılarımız namaz qılıbmı, yaxud qılırmı?.. Müsəlman dövlətinin başçısı necə olmalıdır?.. Bəs bu gün Azərbaycana başçılıq etməyə iddialı olan partiya liderləri və ya deputatlar arasında namaz qılan varmı?..Ümumiyyətlə, dövlət-din münasibətlərinin müasir qoyuluşu düzgündürmü?..
Məhəmməd Əmin Azərbaycan və Şərq tarixində o dərəcədə önəmli şəxsiyyətdir ki, nə onu xalqın qəlbindən siləcək bir bəşəri qüvvə var, nə də onun yolunu gedə biləcək bir lider görünür... O, qəlblərdə heykəli ucalan bir liderdir... Bu baxımdan, düşünürəm ki, nə yaxşı, indiki hakimiyyət Rəsulzadənin Bakıda heykəlinin qoyulmasına imkan verməyib. AXC liderinin Novxanıdakı heykəlini də uçurmaq lazımdır... Çünki əvvəla, kiməsə heykəl ucaldılması İslam prinsiplərinə ziddir, sonucu Allaha şərik qoşmağa gətirib çıxarır... Gələcəkdə hakimiyyətə gələcək yeni qüvvə hər rayonda onun heykəlini qoymaqla yeni bütpərəstliyə rəvac verə bilər... Həm də Peyğəmbərimizin(s) özünün heç bir abidəsi qoyulmursa, onun adını daşıyan liderin heykəlini ucaltmağa nə hacət? Qəlblərdə heykəli olanın daşdan-dəmirdən fiqurunu yapmağa ehtiyac varmı?.. Bunun əvəzinə Rəsuladənin möhtəşəm bir xatirə muzeyinin yaradılması daha məqsədəuyğundur... Peyğəmbərlər istisna, hər bir tarixi liderin nöqsanları və səhvləri olub ki, biz zaman-zaman onları müzakirə edib nəticə çıxarmalıyıq... Tariximizdə ərazi və nüfuz baxımından ən böyük dövləti qurmuş Xətai özünün yaxşı işlərini göyərtməyi, səhvlərini təkrar etməməyi vəsiyyət edib... Xətai müsəlman həyatı yaşayan bir hökmdar idi. Ancaq həm bir müsəlman, həm də hökmdar kimi onun da günahları və səhvləri oldu... Sonrakı şah və xanlarımız da namaz qılırdı... Müstəqil olmağa çalışan sonuncu xanlarımızdan biri Gəncə xanı Cavad xan əsl müsəlman hökmdarı kimi sonadək vuruşub şəhid oldu... Bakı xanı Hüseynqulu xan da sonradan xanlığı təslim etməyə məcbur olsa da, əlindən gələni etdi: Bakı darvazaları önündə rus generalı Sisiyanovun başını kəsdirib Cavad xanın qisasını aldı...
O vaxtdan bu günə isə Azərbaycan ərazisində dünyanın tanıdığı iki müstəqil dövlət yaranıb: 1918-1920-ci illərdəki və indiki... İndikilərdən nə Ayaz Mütəlibov, nə Əbülfəz Elçibəy, nə də Heydər Əliyev namaz qılıb... İlham Əliyev də qılmır... Rəsulzadənin namaz qılıb-qılmaması barədə “disput.az”da da geniş müzakirələr gedir... Bildiyimə görə, AXC liderinin siyasi lider olduqdan sonra namaz qılmasını təsdiqləyən bir tarixi mənbə yoxdur... Amma çox güman ki, yeniyetmə Məhəmməd Əmin ibadət edibdir... Bəzi araşdırmaçılar onun tərcümeyi-halında xüsusi vurğu ilə yazırlar ki, “...atası axund olsa da, gözüaçıq insan idi və oğlunu rus-müsəlman məktəbinə qoydu...”
Burada ziddiyyət yaranır: bayrağımızda da yaşıl rəngin əks etdirdiyi dövlətçilik prinsiplərindən biri islamlaşmadırsa, onda dövlət başçılarımız özləri ibadət etmədən xalqı islamlaşmağa necə dəvət edərlər?.. Yoxsa, həmin yaşıl rəng əksəriyyəti islam tərəfdarı olan xalq kütlələrini cəlb etmək üçün sadəcə bir rəmzdir?..
Bəziləri deyə bilər ki, Müaviyə də namaz qılıb, yaxud Bəşər Əsəd də namaz qılır... Bu, həqiqətdir ki, Peyğəmbərimizdən(s) sonra müsəlman idarəçiliyində ədalət prinsiplərindən uzaqlaşma getdikcə artır... Ondan sonrakı xəlifələrdən bəziləri bacardıqları qədər haqqı qorumağa çalışmışlar... Lakin Həzrət Əli(ə)dən sonra sosial təbəqələşmə və zülm zaman-zaman artmağa başlamış, Müaviyənin və Yezidin(lən) dönəmində isə son həddə çatmışdır... Osmanlı dövründə də türk sultanlarının çoxu İslam prinsiplərini mümkün qədər qorumuşlar... Lakin iki əsas səbəb: şeytanın insan nəfsini azdırması və Allah düşmənlərinin - saxta xristian, iudaistlərin gizli-açıq müdaxilələri müsəlman dünyasındakı haqsızlıq və ziddiyyətləri ifrata çatdırmış və nəticədə İslam dövlətləri bu günkü duruma gəlib çıxmışlar...
Lakin nə Müaviyənin, nə Yezidin, nə Səddamın, nə Qəzzafinin taleyi, nə də hələ də hakimiyyətdə olan Əsədin və digərlərinin zülmü müsəlmanlara, eləcə də onların dövlət başçılarına namazdan uzaqlaşmaq üçün dəlil, arqument ola bilər... Namaz hansısa BMT-nin, ABŞ Dövlət departamentinin, Avropa Şurasının yox, Allahın – bizi Yaradanın əmridir... O Allahın ki, dövlət başçısı Onun kitabına əl basıb tabeliyində olan insanların hüquqlarını qoruyacağına, rahat yaşamlarını təmin edəcəyinə and içir... Odur ki, dövlət başçısı öz nümunəvi ibadəti və həyat tərzi ilə xalqa nümunə olmalıdır... Bizim üçün belə nümünə öncə Peyğəmbərimizdir(s)...
Rəsulzadənin dinimizə münasibəti onun hələ müstəqilliyimiz uğrunda apardığı illərdə bəlli olur. Bu barədə Hacı Soltan Əlizadənin
“M.Ə. Rəsulzadə və İslam” kitabında geniş bəhs edilir. “Hümmət” qəzetinin 3-cü sayında Məhəmməd Əmin bəy yazır: “... Bəndəyə qalırsa, hər bir dəstədən olursa olur, ancaq İslamiyyət üzrə olaq. İslamiyyətdən kənara çıxsaq, fəlakət bizi gözləyir. İslam bizə ruhi-nicatdır- desəm, eyni səvabdayam. Nə sosializmin, nə də demokratizmin ümdə əqidələri İslam ilə müxalifdir”...
Ancaq artıq hakimiyyətdə olduğu dövrdə parlamentdə “Müəssislər Məclisinə seçkilər haqqında” Qanunun 96-cı maddəsinin müzakirəsi zamanı Rəsulzadə “İttihadi-islam” fraksiyasının üzvü, keçmiş müəllimi S.M.Qənizadənin müsəlman ruhanilərin də seçki proseslərində iştirakına dair təklifinə qətiyyətlə rədd cavabı verir: “...Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın!..”
Əlbəttə, bunun bir səbəbi ölkədəki movcud ictimai-siyasi durum, digər, həm də əsas səbəbi isə “din dövlətdən ayrıdır” prinsipidir ki, bu barədə gələn yazılarda söhbət edərik...
Müsəlman dövlət başçısının ibadət etməsinin vacibliyinə şübhə ilə yanaşanların yadına salmaq istəyirəm ki, İmam Hüseyn(ə) məhz namazdan uzaq, imansız şəxslərin hakimliyini qəbul etmədiyindən, belələrinə qarşı mübarizədə həlak oldu...