Bir müddət öncə “Xalq yazıçısı” fəxri adı ləğv edilmiş Əkrəm Əylisli Rusiyalı yazarlardan kömək istəmişdi. Müraciətin ardınca məşhur rus yazıçısı Boris Akunin öz bloqunda “Daş yuxular” romanının azərbaycanlı müəllifinin müdafiəsinə qalxdı. B.Akuninin ardınca rus yazıçı və şairləri birləşdirən Rusiya PEN-Mərkəzi də Ə.Əylisliyə dəstək verib.
Modern.az saytı xəbər verir ki, Yazıçıların Dünya Təşkilatı – PEN-Mərkəzin Rusiya bölməsinin İcraiyyə Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Rusiya PEN-Mərkəzi Əkrəm Əylisli ilə bağlı son günlər yaranmış vəziyyətdən öz dərin narahatlığını ifadə edir.
“Onun “Daş yuxular” roman-rekviyemində ifadə etdiyi fikir və mülahizələr yazıçının təqibi üçün əsas ola bilməz. Rusiya PEN-Mərkəzinin İcraiyyə Komitəsi güman edir ki, ədəbi-etik məsələlər yazıçının mükafatlar, fəxri adlar və s. məhrum edilməsi ilə inzibati metodlarla deyil, hüquqi və ədəbi müstəvidə nəzərdən keçirilməlidir. Ümid edirik ki, yazıçının təqibi dərhal dayandırılacaq”, – deyə müraciətdə vurğulanır.
Xatırladaq ki, Əkrəm Əylisli öz müraciətində köhnə yazıçı dostu Andrey Bitovdan da yardım istəmişdi. Nəhayət, Rusiya PEN-Mərkəzinin üzvü olan A.Bitov da məsələyə öz münasibətini bildirib.
“Görkəmli Azərbaycan yazıçısı Əkrəm Əylislinin Azərbaycan və erməni xalqlarının dostluğunun möhkəmləndirilməsinə, dərin həqiqi və insani “Daş yuxular” kitabı bilərəkdən yanlış şərh edilə, iki xalqın qarşılıqlı münasibətləri tarixində ən aşağı hissləri doğura və ehtiraslandıra bilər”.
A.Bitov qeyd edir ki, Ə. Əylisliyə qarşı təqiblər dövlət səviyyəsində problemlər doğura bilər. Belə ki, etiraza 140 ölkəni birləşdirən dünya PEN cəmiyyəti qoşula bilər.
Modern.az-ın xəbərinə görə, bu arada “Daş yuxular” romanının dərc olunduğu (№2, 2012) “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidze də məsələyə münasibət bildirib. O, qeyd edib ki, “Daş yuxular”ı dərc etməklə jurnal Azərbaycan və erməni xalqları arasında əlaqəni bərpa etmək cəhdi göstərib. “Yazıçı qalın divarda qapı yara bilib” - deyə vurğulayan baş redaktorun sözlərinə görə, Ermənistan tərəfinin bu məsələyə münasibəti Əkrəm Əylislinin durumunu daha da çətinləşdirir.
Modern.az