
1994-cü il oktyabrın 4-də Gəncədə baş verən hadisələr ölkədə bir qarışıqlıq yaratmışdı.
Bu hadisələrin də episentrində həmin vaxt baş nazir olan Surət Hüseynov və onun tərəfdarları dayanırdı. 1993-cü ildə AXC hakimiyyətinə qiyam edən Surət Hüseynov 94-cü ilin oktyabrında Heydər Əliyevə qarşı idi. Buna etiraz olaraq oktyabrın 4-5-də Bakıda aksiyalar keçirilirdi.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də həmin hadisələr zamanı lentə alınıb.
Tanınmış jurnalistlər prezident Heydər Əliyevdən Gəncə hadisələrilə bağlı müsahibə alırlar...
“1994-cü il oktyabr hadisələrinin gecəsi... Həmin gecə biz Heydər Əliyevdən baş verənlərlə bağlı müsahibə götürürük”-deyə o dövrün jurnalisti, indinin deputatı Elmira Axundova Modern.az-a bildirib.
Şəkildəkilər hamısı tanınmış simalardır: jurnalistlər Elmira Axundova (hazırda deputatdır), Aslan Aslanov (AzərTAc-ın hazırki baş direktoru), İradə Vəkilova (“Assa- İradə” müstəqil informasiya agentliyinin təsisçisi və rəhbəri, 1998-ci ildə vəfat edib) müsahibə alırlar...
Eynəkli şəxs - AzTV-nin o vaxtki rəhbəri mərhum Babək Hüseynoğlu da gərgin və həyəcanlıdır.
Heydər Əliyevin arxasında dayanan isə prezidentin o zamanki müşaviri, bugünkü müstəqil politoloq Qabil Hüseynlidir...
1994-cü ilin oktyabr hadisələri Heydər Əliyevin qələbəsi, baş nazir Surət Hüseynov və bir çox tərəfdarlarının həbsi ilə nəticələndi...
O tarixdən bizi artıq 19 il ayırır...
Modern.az