
Yanvarın 19-da Qaradağ rayonu ərazisindəki «Binə» Ticarət Mərkəzində bir qrup sahibkarın keçirdiyi etiraz aksiyasına görə saxlanılan şəxslər barəsində açılmış cinayət işinin istintaqı dayandırlıb. Bu etiraz aksiyasında həbs olunan şəxslər ayın sonunda azad ediləcəklər. Bu barədə Modern.az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib. Məlumatda qeyd olunur ki, “Binə işi” ilə bağlı cinayət işi Bakı şəhər Prokurorluğunda açılsa da, istintaq parelel olaraq həm də Qaradağ rayon Polis İdarəsində aparılırdı. Artıq istintaq işinin dayadırılması barədə yuxarıdan göstəriş verilib.
“Bütün istintaq prosesi dayandırılıb və cinayət işi ilə bağlı materiallar qovluğu seyfə qoyulub. Ayın sonuna qədər bu işlə bağlı həbs olunanların hamısı azad olunacaq” deyə mənbə vurğulayıb.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun bizə verdiyi məlumata görə, “Binə” Ticarət Mərkəzində keçirilim aksiya ilə bağlı 5 nəfərə cinayət işi açılıb. Onun sözlərinə görə, həmin şəxslər Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Digər inzibati qaydada həbs olunanlar isə buraxılıblar.
«Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Polis bu aksiyanı dağıdıb.
Hadisəylə bağlı bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Gültəkin Ələsgər