Modern.az

İş adamı Frenk Elkaponi: “Mən artıq siyasətlə məşğul olmuram” - MÜSAHİBƏ

İş adamı Frenk Elkaponi: “Mən artıq siyasətlə məşğul olmuram” - MÜSAHİBƏ

Ölkə

21 Fevral 2013, 16:54

“Milyarderlər İttifaqı”nın fəaliyyəti ilə maraqlanmıram”

Rusiyada fəaliyyət göstərən  “İntersever” şirkətlər qrupunun prezidenti Frenk Elkaponi (Füzuli Məmmədov) Modern.az saytına  müsahibə verib. Onunla söhbəti  təqdim edirik.

- Füzuli müəllim, əvvələr adınıza KİV-lərdə tez-tez rast gəlinirdi. Çoxdandır sizin fəaliyyətinizdən bir xəbər yoxdur. Siyasi proseslərdən çəkilmisiniz?     

- Çox sağ olun, təşəkkür edirəm ki, axtarıb tapdınız. Mən artıq siyasi məsələlərə qarışmıram. Böyük bir şirkətə rəhbərlik edirəm. Hazırda yeni layihələr üzərində işləyirik. İndi siyasi məsələlərdən çox uzağam. Əsasən şəxsi işimlə məşğul oluram. Heç bir problem yoxdur, hər şey öz qaydasında davam edir.

- Hazırda siyasi fəaliyyətlə məşğul olmasanız da yəqin ki, Azərbaycandakı ictimai-siyasi proseslərlə maraqlanırsınız? İndiki durumu necə qiymətləndirirsiniz?

- Təbii ki, siyasi fəaliyyətlə məşğul olmasam da, Azərbaycanda gedən ictimai-siyasi proseslərlə mütəmadi olaraq maraqlanıram. Daha çox internet vasitəsilə xəbərləri izləyirəm. Dostlarımla əlaqə saxlayıb ümumi vəziyyət haqda məlumat alıram. Azərbaycanda olmasam da, orada baş verən hadisələrdən xəbərdaram. Düz dörd ildir Bakıya getmirəm. Amma dostlardan eşitdiyimə görə, siyasi vəziyyət normaldır. Təbii ki, Qarabağ problemi başda olmaqla Azərbaycanın problemləri böyükdür.

- Yəqin ki, son zamanlar Azərbaycan mətbuatının gündəmindən düşməyən “Milyarderlər İttifaqı” haqda da məlumatlısız. Hətta sizin də bu ittifaqa qoşulacağınız haqda xəbər yayılmışdı. Ümumiyyətlə, “Milyarderlər İttifaqı” ilə bağlı nə deyə bilərsiniz? Azərbaycanlı oliqarxların belə bir təşkilat yaratması Azərbaycan üçün nə vəd edir?

- Mən İtaliya vətəndaşlığını alandan sonra siyasi məsələlərdən uzaqdayam. Ümumiyyətlə, qeyd edim ki, mən diaspor işlərinə də  qarışmıram. Mən də sizin kimi bu haqda eşitmişəm. “Milyarderlər İttifaqı” haqda, onun fəaliyyəti ilə bağlı çox az məlumatım var. Bu baxımdan onların fəaliyyəti barədə danışmaq istəməzdim. Ən azından kifayət qədər məlumatlı deyiləm.

- Füzuli müəllim, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Vaxtilə siyasətlə məşğul olan şəxs kimi seçkilərlə bağlı proqnozlarınızə bilmək istərdik.

- Mən bir daha qeyd edim ki, siyasi fəaliyyətlə məşğul olmadığım üçün proseslər barədə ətraflı məlumatım yoxdur. Daha çox vaxtımı şəxsi işlərimə ayırdığım üçün belə bir proqnozlar vermək haqda düşünməmişəm.

- Sizi Azərbaycanda daha çox Frenk Elkaponi adı ilə tanıyırlar. Bu arada soyadınızı dəyişdirdiyiniz, özünüzə Naxçıvanski soyadı götürməniz barədə xəbər yayılıb. Bu doğrudur?

- Xeyr, mən soyadımı dəyişməmişəm. Belə bir şey də yoxdur. Mən Frenk Elkaponi adını götürəndə Rusiyada pasportuma səhvən götürüb Naxçıvanski yazmışdılar. Bu da səhvən olmuşdu. Məmmədov yazmaq əvəzinə Naxçıvanski yazıblar. Ona görə mən özümə başqa soyad-filan götürməmişəm. Bu yüz faiz texniki səhvdən olub.

- Qeyd etdiniz dörd-beş ildir Azərbaycana gəlmirsiniz. Yenidən vətənə gəlmək fikriniz varmı?

- Sözün düzü hardasa 5 il olar mən Azərbaycana getmirəm. Amma dədə-baba torpaqlarımıza, Azərbaycana getmək istərdim. Ora mənim vətənimdir. Nə olsun ki, oradan uzaq olmuşam. Amma orada böyümüşəm, qohum-əqrabamız orada dəfn olunub.

***
Füzuli Məmmədov “İntersever” şirkətlər qrupunun rəsmi saytında iş adamı Frenk Naxçıvanski adı ilə təqdim olunub. Qeyd edilib ki, o, 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov 1989-ci ildən “İnterserver” şirkərinin prezidenti vəzifəsində çalışır. F.Məmmədovun Rusiyanın bir sıra şəhərlərində və xaricdə "Frenk Fond"u fəaliyyət göstərir.
Rusiyada hüquqşünas və iqtisadçı ali təhsili alan Füzuli Məmmədov siyasi elmlər namizədidir. Onun iki övladı var.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı